Nazir Azercell-in səhmdarının Azərbaycan bazarından getməsini şərh etdi
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "TeliaSonera" şirkətlər qrupunun Avrasiya biznes regionunu tərk etmək niyyəti barədə yaydığı məlumata münasibət bildirib.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, nazir qeyd edib ki, bundan öncə həm Avrasiya, həm də Avropa regionunda fəaliyyət göstərən "TeliaSonera" özünün yeni strategiyası çərçivəsində səylərini İsveç və Avropada cəmləşdirmək məqsədilə Avrasiya ərazisindəki fəaliyyətini azaltmağa, nəticə etibarilə tamamilə regiondan çıxmaq planlarını həyata keçirməyə qərar verib:
"Bu qərar "Teliasonera" şirkətlər qrupunun İdarə Heyəti tərəfindən qəbul olunub. Şirkətlər qrupu “Azercell Telekom” MMC-nin, eləcə də MDB ölkələrində fəaliyyət göstərən digər 6 mobil operatorun birbaşa səhmdarı deyil. Finlandiya və Türkiyənin birgə olaraq yaratdığı "FinTur" adlı ortaq müəssisə var, həmin şirkət “Azercell Telekom” MMC-nin səhmdarıdır.
"Teliasonera" isə məhz "FinTur" şirkətindəki səhmlərini satır. Buna görə, "Azercell Telekom" MMC və MDB-dəki digər 6 mobil operator bu satışı hiss etməyəcək. Çünki, onların səhmləri böyük bir şirkətdən nisbətən kiçik şirkətə keçəcəkdir. Ümid edirəm ki, burada heç bir problem olmayacaq”.
Ə. Abbasov bildirib ki, gələcəkdə "Azercell Telekom" MMC-nin səhmlərini alacaq yeni şirkətin imkanlarından asılı olaraq vəziyyətə baxılacaq.
"Qeyd edim ki, "Azercell Telekom" MMC özü böyük bir şirkətdir, onun qazancı da çoxdur. Şirkətin əldə etdiyi gəlir ona imkan verir ki, öz investisiyalarını həyata keçirsin. Səhmlərin bir şirkətdən başqasına keçməsini "Azercell"in heç bir abonenti hiss etməyəcək.
"Azercell Telekom" MMC ölkə qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir və öz fəaliyyətini eyni şəkildə davam etdirəcək".
Mənbə:> APA