“Azəryolservis”dən 6 aylıq HESABAT – FOTO
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də 2015-ci ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.
ASC-dən Oxu.Az-a verilən məlumata əsasən, iclas iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra cəmiyyətin akt zalında keşirilən iclası giriş nitqi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədov açıb.
Saleh Məmmədov ötən illərdə olduğu kimi cari ilin 6 ayı ərzində də cəmiyyət tərəfindən ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi, yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələrin uğurla davam etdirildiyini qeyd edib:
“Bu gün beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət verilir. Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini belə vurğulayıb: “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”.”
Cari ilin son 6 ayı ərzində ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində xeyli iş görüldüyünü bildirən Saleh Məmmədov, şəxsən Nəqliyyat Naziri Ziya Məmmədovun nəzarəti altında 2015-ci ilin yanvar-iyun ayları ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 181,1 km yolun tikilib, yenidən qurulub və təmir olunduğunu, həmçinin 10 yeni körpünün tikildiyini vurğulayıb:
“Bakı I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir.Ümumilkdə Bakı şəhəri üzrə son 6 ayda təmir və bərpa edilmiş, yenidən qurulmuş avtomobil yollarının ümumi uzunluğu 62,9 kilometrdir. Bakı şəhərində 4 körpü və tunel, 7yerüstü və yeraltı piyada keçidləri də inşa edilib.Həmçinin yolların kənarlarında 49523 ədəd ağac və dekorativ kol bitkiləri əkilib.”
İclas zamanı digərçıxış edənlər natiqlər də, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafının ölkənin əsas prioritetlərindən birinə çevrildiyini vurğulayıblar. Çıxışlar zamanı qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də məhz yol infrastrukturun inkişaf etdirilməsi olub. Azərbaycan Prezidenti İlham Əliyevin də uğurlu daxili siyasəti sayəsində qazanılan müvəffəqiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur.
İclas zamanı bir daha vurğulanıb ki, “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq” deyən ölkə başçısı İlham Əliyevin diqqətinin nümunəsi olaraq növbəti aylar və illərdə də Nəqliyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən sözügedən prosesin reallaşdırılması uğurla davam etdiriləcək.
Sonda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 2015-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlərə həsr olunan hesabat filmi nümayiş etdirilib.
Mənbə:> Oxu.Az