Pul verib evsiz qalanlar
"Tikintisinə başlanmayan yaxud tam şəkildə hazır olmayan binalardan ev almaq üçün ödəniş edib sonradan aldanan şəxslərə dövlət kompensasiya olaraq həmin məbləğı geri qaytarmalıdır."
Bu fikirləri ANS PRESS-ə açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanov deyib.
Onun sözlərinə görə, Mənzil Tikinti Kooperativi (MTK) açıb insalardan bina tikmək adı ilə külli miqdarda pul yığıb aradan çıxan şəxsləri həbs etmək çıxış yolu deyil.
“Insanlardan külli miqdarda pul yığıb özünə imkan quran şəxslər dələduzluq maddəsi ilə həbs edilir. Onlar həbsxanada müəyyən müddət qaldıqdan sınra azadlığa çıxır və aldatdıqları adamların pulunu ömürlərinin sonuna qədər xərcləyirlər.”- deyə ekspert bildirib.
Ramil Osmanovun sözlərinə görə, tikinti prosesi başlayandan bina tam təhvil verilənə qədər hansısa bir dövlət qurumuna bu işə nəzarət etmək tapşırılmalıdır. Əgər nəzarət həyata keçirilmirsə heç olmasa dövlət vətəndaşların itən pulunu geri qaytarmalıdır.
“MTK-nın açıqlmasına görə lisenziyanı Vergilər Nazirliyi verir. Lakin nazirlik MTK rəhbərindən binanı tikmək üçün pulu olub olmadığını soruşmur. Çünki bu qanunla nizamlanmır. Qanunvericiliyə görə maddi imkanı yerində olan da, olmayan da tikinti kooperativi aça bilər.”-deyə R. Osmanov əlavə etdi.
Ramil Osmanov-Daşınmaz əmlak üzrə ekspert
Vergilən Nazirliyinin mətbuat xidmətindən də ekspertin sözünü təsdiqlədilər və bildirdilər ki, lisenziya üçün lazımı sənədləri qaydasında olan hər kəsə kooperativ açmaq hüququ var.
“Sahibkarın pulunun olub olmadığını yoxlamaq bizim səlahiyyətimizdə deyil. Biz sənədlərini yoxlayırıq və sənədləri qaydasında olan hər bir şəxsə MTK lisenziyası veririk”- deyə Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirdilər.
Binaların tikintisinə icazə verən qurum isə Fövqaladə Hallar Nazirliyidir (FHN).
FHN-dən məsələ ilə bağlı ANS PRESS-ə bildirdilər ki, nazirlik bina tikilməzdən əvvəl tikinti ərazisini yoxlayır və uyğun olduğu halda lisenziya verir.
“FHN-işi birdə bina tam hazır olandan sonra başlayır. Əməkdaşlar hazır binaya baxış keçirib təhlükəsizliyini yoxlayır və qoyulan tələbatlara cavab verən binalara lisenziya verir.”-deyə FHN-in mətbuat xidmətindən bildirdilər.
Yaşayış binalarının tikintisi ilə məşğul olan bəzi şirkət nümayəndələri isə sənədlərinin qaydasında olduğunu, müştəri cəlb etmək üçün şirkətlərinin satdığı evlərin FHN-dən və Bakı Şəhər İcra Hakimiyyətindən lazımı sənədləri olduğunu bildirirlər.
Tikilməkdə olan yaşayış binalarından birinin iş icraçısı Seyid adlı şəxs bina tikilməyə başlayandan burda olacaq mənzillərin satışına başladıqlarını deyir. Onun sözlərinə görə, bina hazır olub qaz verilən kimi evlərin sənədlərini də sakinlərə təqdim edəcəklər.
“Kreditlə ev alanlarla aramızda daxili müqavilə bağlanır. Bu müqaviləyə əsasən həmin şəxs evdə yaşamaq hüququ əldə edir. Lakin ev vətəndaşın adına keçirilmir. Yalnız kredit tam şəkildə ödənilib qurtardıqdan sonra ev pulu ödəyən şəxsin adına keçirilir".
İş icraçısı eyni mənzilin bir neçə şəxsə satılması fikrinə də aydınlıq gətirərək bildirdi ki, aldadılma prosesi asanlıqla baş verə bilər. Onun sözlərinə görə, bu şirkət rəhbərlərinin vicdanına qalan məsələdir.
“Vətəndaş gəlib yarı tikili binadan ev alanda ona sadəcə mənzilin lahiyəsi təqdim edilir. Lakin Bakıdakı bəzi tikinti şirkətlərində eyni lahiyənin müxtəlif şəxslərə satılmasının şahidi oluruq. Bu şirkət rəhbərlərinin vicdanına qalan məsələdir”- deyə iş icraçısı əlavə etdi.
Hüquqşünas Əkrəm Hsənov isə hesab edir ki, bu problemləri aradan qaldırmağın tək yolu məsələnin qanunvericiliyə daxil edilməsi və nəzarət edəcək qurumun müəyyən edilməsidir.
Onun sözlərinə görə, qanunvericiliyə belə bir maddə daxil edilməlidir: "MTK açdırmaq üçün Vergilər Nazirliyinə müraciət edən hər bir şəxsdən həyata keçirəcəyi lahiyənin ümumu məbləğinin ən az yarısının qəbzi tələb ediləməli, maddi tələbləri yerinə yetirə bilən şəxslərə MTK lisenziyası verilməlidir.”
Məsələni həll etməyin ikinci və ən əsas yolu isə binanın tikintisinə başlanmazdan əvvəl layihədə nəzərdə tutulan mənzillərin sayı əsasında “kupça”ların (mənzilin rəsmi sənədi) müəyyənləşdirilməli və ev almağa gələn hər kəsə əvvəlcədən evin sənədi təqdim edilməlidir.
Vəkillər həmçinin sakinlərə tikintisi başa çatmamış binalardan ev almamağı da məsləhət gördülər.
“Qanunun nəzarət etmədiyi bir sahədə insanların aldadılmaq ehtimalı çoxdur.”-deyə hüquq müdafiəçisi əlavə etdi.
Ümumiyyətlə dünya təcrübəsindəki MTK anlayışı ilə ölkəmizdəki eyniadlı anlayış tam fərqlidir. Çünki dünya ölkələrində Mənzil Tikinti Kooperativi ev almağa imkanı olmayan şəxslərin bir araya gələrək açdığı qurum mənası daşıyır. Həmin qurumda insanlar pullarını bir yerə toplayaraq bina tikirlər və hər şey topdan satış qiymətə alındığı üçün ucuz başa gəlir və qazanan həmin MTK-dakı insanlar olur.
Azərbaycanda isə ilkin ödəniş etməklə hər hansı binadan ev almaq istəyən vətəndaş bir çox hallarda aldadılır. Nəticədə həm insanların illər ərzində topladığı pullar bir anda əldən gedir, həm də pozulmuş hüquqlarını bərpa edə bilmirlər. Çünki qanunvericilikdə bu cür hallarla bağlı boşluq var. Yəni cinyəti törədən şəxs həbs olunsa da, vətəndaşın pulunun geri qaytarılması mümkün olmur.
Ona görə də mütəxəssislər çıxış yolunu bu sahəyə nəzarətin gücləndirilməsində görürlər. Bu məqsədlə ilk növbədə qanunvericilikdə mövcud olan boşluq aradan qaldırılmalıdır ki, ev almaq istəyən vətəndaş aldadılarsa öz pulunu geri qaytara bilsin.
Mənbə:> ANSPRESS