Bank sektorunu ciddi təhlükə gözləyir
Mərkəzi Bankın (AMB) komisyon haqlarının 1%-ə salınması və kredit faizlərinə yuxarı tavanın tətbiqi ilə bağlı göstərişləri bank sektorunun baş ağrısına çevrilib.
ANS PRESS-in məlumatına görə, bu barədə iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə bu gün yaydığı açıqlamasında bildirib. Ekspertin fikrincə, Mərkəzi Bank qeyr-rəsmi göstəriş verməklə ikinci dəfə öz səlahiyyətlərini aşmaq yolunu tutub: “Banklar haqqında qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir. Mərkəzi Bankın inzibati yolla komisyon haqlarını endirmək və faiz tavanı tətbiq etmək göstərişini verməsi qanuna ziddir”.
Samir Əlıiyevin fikrincə, Mərkəzi Bankın komisyon haqlarını və illik faiz dərəcələrini inzibati yolla tənzimləməsi təşəbbüsü daha çox bank olmayan kredit təşkilatlarını (BOKT) vuracaq: “BOKT-ların maliyyə mənbələri məhduddur və göstərdikləri xidmətlərin çeşidi isə azdır. Banklarla müqayisədə BOKT-larda kredit faizləri daha yüksəkdir. Bu kredit təşkilatlarında illik faiz dərəcəsi hətta 42%-ə çatır. Bu qurumların kredit portfeli də məhduddur. BOKT-ların kredit qoyuluşu ümumilikdə 591 milyon manata yaxındır və ölkə üzrə kredit qoyuluşunun 2,9% onların payına düşür”.
Ekspert bildirir ki, ölkədə 157 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir ki, onların 109-u kredit ittifaqlarıdır. Deməli, hazırda əhalini və kiçik sahibkarları aktiv olaraq kreditləşdirən 48 kredit təşkilatı var. Bu kredit təşkilatlarının ümumilikdə 224 filil şəbəkəsi mövcuddur, onların əksəriyyəti regionlarda yerləşir: “BOKT-ların əsas üstünlüyü onun resurslarına əlçatanlığın asan olmasıdır. BOKT-lar həm də banklardan fərqli olaraq kənd yerlərində, o cümlədən cəbhə bölgəsinə yaxın ərazilərdə işləyirlər. O yerlərə ki banklar qəti maraq göstərmir. Bu qurumların işçiləri ən ucqar kəndlərə getməkdən belə çəkinmirlər. Halbuki, banklar ən yaxşı halda rayon mərkəzlərində işləməklə kifayətlənirlər. ərkəzi Bankın son tapşırıqları BOKT-ların gəlirlərini kəskin azaldacaq. Nəticədə bəziləri filial şəbəkəsinin bağlanması, işçilərin ixtisarı kimi sərt addımlar atılacaq.”
Mənbə:> ANSPRESS