Cəmilə Tağızadə: Elə ailələr tanıyıram ki, ər öz xanımını başqa işlərə göndərir – VİDEO
Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadə Oxu.Az-ın əməkdaşı ilə həmsöhbət olub.
İncəsənətdə baş verən özbaşınalıqlardan bəhs edən sənətçi qalmaqallı mövzulara toxunub. O, həmkarı Məlahət Abbasovanın qardaş ölkədə gənc aktrisalara dəstək olmadığını və onlara söz versə də, bundan boyun qaçırdığını dilə gətirib:
“Mən sözü üzə deyən adamam. Məlahət xanım incisə də, deyəcəyəm. Sənətinə böyük hörmətim var. Biz tanış deyilik, ümumi dostlarımız var. Dostlarımızdan kim ona ağız açıbsa, hamısını geri qaytarıb, heç kimə kömək etməyib. Tanıdıqlarıma yardım əlini uzatmayıb.
Bunu eşidəndən sonra həvəsdən düşdüm. Əgər həmyerlisinə kömək etməyibsə, mənə də eyni münasibəti göstərəcək. Ona görə əlimi ondan üzdüm”.
“Təki bütün gəlinlər mənim kimi olsun” deyən Cəmilə ailə qurmaq istəyən qızlara redaksiyamız vasitəsilə sərt mesaj yollayıb:
“Qızlarımız “təki ərə gedim” devizi ilə ailə həyatı qururlar. Bu, düzgün deyil. Belə olan halda onlar bədbəxt olurlar. Xoşbəxt olmurlar. Ərləri başqa qadınlarla görüşür. Kənarda öz həyatlarını yaşayırlar. Xanım da uşaqları ilə qalır evdə. Axı bu, yaşayış deyil. Xahiş edirəm, belə ailə həyatı qurmayın.
Saytınız vasitəsilə valideynlərə səslənirəm, uşaqlarınızı məcburən heç kimlə evləndirməyin. Yazıqdır uşaqlarınız. Qoy, lap 35 yaşında ailə qursun, yetər ki sevib evlənsin. Xoşbəxt olsun, istədiyi yarına qovuşsun. Ondan gözəl nə var ki? Kaş bütün gəlinlər elə mənim kimi olsun”.
Aktrisa həyat yoldaşı Muradı bir çox kişilərə nümunə çəkib, ailə başçısı və yaxşı ər olduğunu dilə gətirib:
“Mənim həyat yoldaşım Azərbaycanda tanıdığım bir çox kişilərdən daha namuslu, daha qeyrətli, daha tərbiyəli və daha əxlaqlıdır. Elə ailələr tanıyıram ki, ər öz xanımını başqa işlərə göndərir.
Çox şükür ki, mənim gözəl ailəm və yaxşı ərim var. Hamıya belə ər arzu edirəm. İşləyir, qazanır, evi dolandırır. Məni çərçivəyə salsa da, ondan razıyam”.
Mənbə:> Oxu.Az