Fidan Şıx-Zamanova: Geyim fərdilik və fərqliliyi vurğulamalıdır » AzNews.info -Xəbər portalı

Fidan Şıx-Zamanova: Geyim fərdilik və fərqliliyi vurğulamalıdır – MÜSAHİBƏ+FOTO

Fidan Şıx-Zamanova: Geyim fərdilik və fərqliliyi vurğulamalıdır


Oxu.Az məşhur stilist, imicmeyker və şopper Fidan Şıx-Zamanova ilə müsahibəni təqdim edir.



- Zəhmət olmasa özünüzü təqdim edərdiniz...

- Mən - Fidan Şıx-Zamanovayam (Həsənli). Adi əhvalatdır – Azərbaycan Dövlət İqtisad Universitetində oxumuşam, daha sonra bir neçə il ərzində yerli holdinqlərin birində çalışmışam, amma zaman keçdikcə anladım ki, ofis işi mənim üçün deyil.
Altıncı sinifdən tikirəm (məktəbdə əmək müəllimi tərəfdən şanslı sayıla bilərəm, məhz o, əl işinə qarşı məndə maraq oyadıb). Bundan başqa, tikdiyim ilk ağ ətək də yadımdadır. Çox uğurlu alınmışdı. Onu uzun müddət geyindim.
13 yaşımdan əksər yeniyetmə qızlar kimi, dəftərlərdə modellər çəkir, onlar üçün cürbəcür libaslar düşünürdüm. İndi baxıb gülürəm, amma 13 yaş üçün bu, qənaətbəxşdir.
Uşaqlıqdan köhnə əşyalardan yenilərini düzəltməyə meyilli idim, məsələn, anamın muncuqlarından sırğa düzəldə və yaxud da ətəkdən kofta tikə bilərdim. İndiyə qədər bacım və qonşularımız onları geyindirib, otaqda podiumda olduğu kimi gəzməyə məcbur etməyimi və onların çıxışını təntənəli şəkildə elan etməyimi mənə xatırladırlar (gülür).

Mənim üçün, elə bütün qızlar üçün olduğu kimi əsl xanım nümunəsi, ali təhsili olan, amma ailə qurduqdan sonra işini buraxan anam olub. Bununla yanaşı, həmişə baxımlı olub, özünə qulluq edib, evində isə hər zaman təmizlik və dadlı təamlar hökm sürüb.

Mən isə artıq 17-18 yaşımdan, özümü ailəmə həsr edəcəyimi, bununla yanaşı özümə nəzarət edəcəyimi dəqiq bilirdim. Bu, mümkündür! (bu barədə mən FB səhifəsində məqalə də yazmışam).

Ailə qurduqdan sonra mən özüm üçün geyimlər tikirdim. Məndə dəbə maraq yarandı. Dünya fashion-bloggerlərini izləməyə başladım. Bir dəfə öz yaxın tanışıma qaraj-seyl ilə yardım etdim və anladım ki, bu mən istəyən bir şeydir və mən insanlarla işləyə bilirəm. Bir sözlə, bu mənim çox xoşuma gəldi! Hər şey belə başladı, elə həmin tanışımın vasitəsilə İtaliya moda və üslub məktəbinə yazıldım və oranı bitirdikdən sonra isə sosial şəbəkələrdə öz səhifələrimi açdım, işlərimi nümayiş etdirməyə, fashion-iventlərə getməyə və müştəri yığmağa başladım. Bu gün isə artıq Azərbaycanın aparıcı xəbər agentliklərindən birinə müsahibə verirəm.

- Sizcə imic və üslubun yaradılması peşədir, ya sənət?

- Bu, ilk növbədə sənətdir! Rəng, üslub və zövq duyumu çox mühümdür. Əgər bu yoxdursa heç bir kurs, müəllim sizə müəyyən qıza hansı rənglərin və modellərin uyğun olacağını hiss etməyə yardım edə bilməz.

Bu həm də peşədir. Təhsil alaraq mən çox şey öyrəndim, amma hesab edirəm ki, yerində saymaq, nail olduqlarınla kifayətlənmək olmaz. İrəliləmək, yeni şeylər öyrənmək lazımdır, bu hər an yeniliklərin baş verdiyi dəb aləmində çox vacibdir.

- Bu və ya digər üslubu seçərkən əsas prioritet nədir – çatışmazlıqları gizlətmək, ya əksinə üstünlükləri vurğulamaq?

- Bilirsiniz, hər ikisi mühümdür!

Stilist-imicmeyker kimi mənim ümdə məqsədim müştəriyə onun fiqurası və ona yaraşan rəngləri müəyyən etməkdə yardım etməkdir. Daha sonra bunlardan çıxış edərək düzgün fasonlar, uzunluq, rənglərin kombinasiyası və parça növləri seçilir.
Tam xidmətə style-book-un yaradılması daxildir, bura yuxarıda sadalananlar aiddir, 5 ya 6 look hazırlanır, eləcə də aksesuarların, saç düzümünün və makiyajın seçilməsinə dair tövsiyələr verilir.
Bütün bunlar müştərimin çatışmazlıqlarını gizlətmək, üstünlüklərini isə vurğulamaq üçün edilir.

- Yay mövsümünün ən qızmar vaxtıdır. Bəzi xanımlarımız hətta qaralmağı da çatdırıblar. Bu yay mövsümündə nələr aktual olacaq?

- Bu mövsümdə etnik printli sarafanlar, uzun ətəklər dəbdə olacaq. Əgər siz məzuniyyətə və ya dostlarınızla bağda dincəlməyə hazırlaşırsınızsa mütləq etnik üslublu autfit alın. Etnik təsvirli geyim cins şalvar (yeri gəlmişkən o da bu mövsümdə aktual olacaq) və ya cins şortla çox gözəl görünür.
Bu mövsümün must have-lərindən çiçəkli geyimləri, eləcə də krujevanı göstərmək olar. Yüngül ağ krujevalı don və ya krujevalı kofta Xəzər sahillərində qaralmış dərinizi daha da cazibədar göstərəcək. Çiyinləri açıq paltar və koftaları da unutmaq olmaz.
Ümumiyyətlə, mənə elə gəlir ki, üslubu biz yaradırıq. Geyindiyimiz paltarlarda özümüzü rahat hiss etməliyik. Və ən əsası geyimlərimiz zərif cinsin bütün nümayəndələrində sözsüz mövcud olan fərdiliyi və fərqliliyi vurğulamalıdır. Əsas bu fərqliliyi tapmaqdır.

Bir də qeyd etmək istərdim ki, cazibədar və gözəl görünmək üçün bahalı, məşhur brendlərə məxsus geyimlər və brilyantlar vacib deyil.
Əsrarəngiz Koko Şanel demişkən “Geyim qadını bəzəmir, qadın geyimi bəzəyir” və “Gözəl zövqü olan xanımlar bijuteriya taxır. Qalanları isə qızıl taxmağa məcbur olurlar”.
Mən düşünürəm ki, çox da bahalı olmayan əşyaları almaqla gözəl, qeyri-adi və dəbdən geri qalmamaq mümkündür, sadəcə obrazı imkan daxilində hansısa brendə məxsus çanta və ya ayaqqabı ilə, və yaxud da dizayner aksesuarı ilə tamamlamaq olar.

- Zəhmət olmasa xanımlarımıza, 2015-ci ilin yayının dəbli rənglərini və beş ən dəbli əşyasını sadalayardınız.

- Böyük məmnuniyyətlə.
Beləliklə, cari mövsümün ən dəbli rəngləri: tünd göy, qırmızı (Dolce&Gabbananın yaz-yay 2015 kolleksiyasında qara ilə qan-qırmızısından çox istifadə edilib, üzərində qızılgüllər və qərənfillər olan uzun paltarlar...), xaki, ağ və sarıdır.
Must-have SUMMER 2015: zamşadan olan geyimlər, dəri geyimlər, cizgili geyimlər, qısaldılmış toplar.

Ayaqqabılara gəldikdə isə kəmərli qladiator səndəlləri, enli dabanı olan ayaqqabılar, eləcə də heyvan dərisi və reptiliya təsvirli ayaqqabılar dəbdə olacaq.

- Personal şopper peşəsinin mahiyyəti nədən ibarətdir?

- İcazə versəydiniz personal şopper peşəsi haqqında bir qədər geniş danışmaq istərdim.

Bizim dövrümüzdə Bakıda geyim ala biləcəyimiz mağazalar həddən artıq çoxdur. Amma bütün bu bolluğa baxmayaraq bəzən özümüz üçün nə isə seçməkdə çətinlik çəkirik. Kimdəsə vaxt, kimdəsə səbir, kimdə isə hər iki amil çatmır. Personal şopperin məqsədi müştəri üçün mağazalarda axtarışı asanlaşdırmaqdır. İlkin olaraq müştəri ilə söhbət aparıram, tanış oluruq, tələbatları müəyyənləşdiririk. Sonra təxmini büdcəni razılaşdırırıq, marşrutu müəyyənləşdiririk və irəli, Bakının ticarət mərkəzlərini fəth etməyə yollanırıq. Bəzən hər hansı bir əşyanı Bakıda tapmadıqda onu onlayn sifariş etməli oluruq.

- Siz azərbaycanlı xanım kimi milli mətbəximiz ilə təbii ki, tanışsınız. Etiraf edək ki, bizim sevimli xörəklərimiz ilə ideal bədən formaları saxlamağa hamı müvəffəq olmur. Necə düşünürsünüz, gözəl görünmək üçün bu maneədirmi?

- Həm də necə tanışam (gülür).

Mən özüm dadlı yeməkləri sevirəm və mənim həyat yoldaşım deyir ki, Fidan ac olanda ən yaxşısı ona toxunmamaqdır (gülür). Mən özüm çox vaxt yemək və şirniyyat hazırlayıram. Düşünürəm ki, uşaq olan evdə hər zaman bişmə ətri olmalıdır. Artıq çəki ilə mübarizədə və formada qalmaqda idman yardım edir. Həyat yoldaşımla mən çörək yemirik, yesək də yalnız səhər yeməyində qara çörək yeyirik. Eləcə də axşam saat yeddidən sonra yeməməyə çalışıram.

Genetikanı da unutmaq olmaz, bax bununla təəssüf ki, heç nə etmək olmur. Mən özlərinə aclıqla zülm edən, saatlarla idman zalında olan, amma müəyyən çəkidən artıq arıqlaya bilməyən qızlar tanıyıram.
Amma artıq çəki dəbli, cazibədar və parlaq görünmək üçün fəsad deyil. Sadəcə düzgün parçadan hazırlanmış düzgün geyimləri, düzgün uzunluğu və fasonları seçmək lazımdır.

- Deyirlər ki “İlk təəssürat üçün ikinci şans olmur”, bununla razısınızmı?

- Xeyr, razı deyiləm. Çox zaman ilk təəssürat aldadıcı olur.

Bilirsiniz, bu insanın naturasından və xarakterindən asılıdır. Elə insanlar var ki, tez kontakta girə bilmirlər, elə insanlar var ki, hansısa ampluada donub qalırlar və nəyi isə dəyişməyə tənbəllik edirlər. Buna görə insanları qınamaq olmaz. Hər birimizin ikinci şansı var.
Bu ikinci şansı qazanmaq üçün isə özümüzdən başlamalıyıq. İnsan özü dəyişdikdə özünə olan münasibəti də dəyişir, bunu dəqiq bilirəm.

- Azərbaycan qadınlarına öz üslubunu yaratmaq üçün ilk növbədə nə məsləhət görərdiniz?

- Bizim qadınlarda fərqlilik var – biz yaradılışdan çəkiciyik. Geridə isə çox az iş qalır, sadəcə öz üslubunu tapmaq və ondan istifadə etmək lazımdır. Praktiki məsləhətlərdən biri - öz ölçünüzə uyğun geyimlər alın (bəziləri burda dürüst olmurlar).

Eləcə də libas şəraitə uyğun olmalıdır, məsələn, Nizami küçəsində qızmar yay günəşi altında ziyafət geyimində gəzişən xanımı və ya yaşlı-başlı xanımı yüngül mətnli yazısı olan maykada görə bilərik. Sonda demək istərdim ki, cazibədar, parlaq – heç də qışqıran demək deyil. Hər şeyin həddi olmalıdır.

- Geyimlərdə milli ornamentlərin istifadə edilməsinə münasibətiniz necədir?

- Çox müsbət. Mən öz kolleksiyalarını yaradarkən milli ornamentlərdən istifadə edən gənc dizaynerlərimizi qürurla izləyirəm. Eləcə də “Resm” zinət əşyalarının pərəstişkarıyam, bu, əsl sənət əsəridir.

Sosial şəbəkələrdə mənim səhifəmi izləyənlər ipəkdən olan və gözəl naxışlı kələğayı ilə şəkillərimi görüblər.

- Bizim xanım oxucularımıza nə arzu edərdiniz?

- Mən Oxu.Az-ın xanım oxucularına özlərini sevməyi, hörmət etməyi və onların ən cazibədar və füsunkar olduqlarını unutmamağı arzu edirəm.

Fidan Şıx-Zamanova: Geyim fərdilik və fərqliliyi vurğulamalıdır
Fidan Şıx-Zamanova: Geyim fərdilik və fərqliliyi vurğulamalıdır
Fidan Şıx-Zamanova: Geyim fərdilik və fərqliliyi vurğulamalıdır
Fidan Şıx-Zamanova: Geyim fərdilik və fərqliliyi vurğulamalıdır
Fidan Şıx-Zamanova: Geyim fərdilik və fərqliliyi vurğulamalıdır
Fidan Şıx-Zamanova: Geyim fərdilik və fərqliliyi vurğulamalıdır
Fidan Şıx-Zamanova: Geyim fərdilik və fərqliliyi vurğulamalıdır
Fidan Şıx-Zamanova: Geyim fərdilik və fərqliliyi vurğulamalıdır
Fidan Şıx-Zamanova: Geyim fərdilik və fərqliliyi vurğulamalıdır
Fidan Şıx-Zamanova: Geyim fərdilik və fərqliliyi vurğulamalıdır
Fidan Şıx-Zamanova: Geyim fərdilik və fərqliliyi vurğulamalıdır


Səbinə Səmidxan
Foto: Nüsrət Abdullayev

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *