Zaurun İŞİD-ə mahnı oxumağı, Röyanın 50 minlik tələbi, aşıq Samirəylə Abbasın toy hobbisi, Yeganənin mədəniyyətsizliyi » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Zaurun İŞİD-ə mahnı oxumağı, Röyanın 50 minlik tələbi, aşıq Samirəylə Abbasın toy hobbisi, Yeganənin mədəniyyətsizliyi – HƏFTƏBECƏR

Zaurun İŞİD-ə mahnı oxumağı, Röyanın 50 minlik tələbi, aşıq Samirəylə Abbasın toy hobbisi, Yeganənin mədəniyyətsizliyi

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (154-cü say) təqdim edir.
Zaurun İŞİD-ə mahnı oxumağı, Röyanın 50 minlik tələbi, aşıq Samirəylə Abbasın toy hobbisi, Yeganənin mədəniyyətsizliyi

Yeni ilin ilk buraxılışında bütün oxucularıma ən xoş arzularımı çatdırır, hər birinizə hər şeyin ən yaxşısını arzu edirəm. Keçmiş bayramınız mübarək!

Zaur Baxşəliyevlə həyat yoldaşı Günay Qələndərli məşhur "Bağdad" mahnısını duet şəklində ifa ediblər. İnsaf naminə demək lazımdır ki, pis oxumayıblar. Aparıcı cütlükdən İŞİD-ə aid növbəti dueti səbrsizliklə gözləyirəm.

Estrada ifaçılarının nəyi varsa, elə əvvəldən üzdə olub. İlhamə Quliyevayla Flora Kərimovadan tutmuş, ta indikilərə qədər hər söz-söhbətləri mediaya sızıb. Amma xanəndələr bu mənada daha ağır davranıblar. Görünür, bu ənənə də lazımsız hesab edilərək, bir kənara atılıb. Efirdə Alim Qasımovun qızı Fərqanə xanıma boşanması barədə sual veriblər. O da cavablandırıb. Bildirib ki, problemlərimiz vardı. Tam səmimiyyətimlə deyirəm ki, bu xəbəri bir neçə ildir bilirdim. Ancaq yazmağa əlim gəlmirdi. Düşünürdüm ki, bu haqda xəbər yazsam, həm Alim Qasımov, həm də Fərqanə xanım üçün xoş olmaz. Kimsə deyə bilər ki, sual verilib, o da cavablandırıb. Amma Fərqanə xanım kimi öz fikri, düşüncəsi olan birinə nəyisə məcbur etdirmək çətin və mümkünsüz məsələdir.

Bu arada Röya Ayxan Aygün Bəylərdən 50 min manatlıq təzminat istəyir. O qədər təzminatı ala biləcəyinə inanmıram. Lakin ümid edirəm ki, məhkəmə Röyanın xeyrinə qərar versə, həmin məbləğ ehtiyacı olan insanlara xərclənəcək. Ən azı ümid edirəm. Yeri gəlmişkən, eşitdiyimə görə Rafet El Roman Röyadan bərk inciyib. Deyib ki, "adaşımla" işin olmasın. Axı Rafet də Türkiyənin Aygün Bəyləridir. Onu da hələ kepkasız görən olmayıb.

Atasıyla prodüser Tolikin ulduzları barışmır. Dava da evlənmək üstündədir. Prodüser deyir ki, ay kişi, mən altı aylıq evlənmək istəmirəm də. Kişi də deyir ki, yox e evlən, heç olmasa mən də nəvə-nəticə görüm. Bu yerdə rəhmətlik Bayram Kürdəxanılının ölümündən bir ay əvvəl verdiyi müsahibədə dediklərini xatırladım. Demişdi ki, evlənib kiminsə qızını bədbəxt eləmək istəmədim. Bu mənada Tolikə əhsən!

Prodüser Təranə Səmədovaya cinayət işi açılıb. Səbəb də budur ki, deyilənə görə, qadın alveriylə məşğul olurmuş. Sizi inandırım ki, bu xəbər ən çox Rəqsanəyə ləzzət eləyəcək. Belə demək mümkünsə, hesabları 1-1 oldu.

Söhbətin bu yerində sizə kimdən deyim, kimdən danışım, incə belli, durna telli, əlisazlı, gözləri sürməli... nəysə, deyəsən ağ elədim. Aşıq Samirədən danışacağam. Aşıq deyib ki, gizli sevgi yaşasa da, üçüncü dəfə ərə getmək fikri yoxdur. Doğru qərardı. Adam beş yüz metr piyada yol yeriyir, yarım saat dincəlir ki, itirdiyi enerjini bərpa eləsin. Evlənmək də təxminən belə bir şeydir. Hələ ikinci toyunun səs-sədası çəkilməmiş üçüncü dəfə niyə ərə getsin ki? Qoy bir dincəlsin də. Toy eləmək asan iş deyil axı. Bunun cer-cehizi, restoran danışmağı, qonaqları qarşılamağı, canım sizə desin, dəvətnamə yazmağı var. Dincini alsın deyəndə oxuya-oxuya qımışan bəzi oxucularımdan fərqli olaraq, məhz bu faktorları nəzərdə tuturdum.

Müğənni Abbas Bağırova sual versələr ki, boş vaxtınızda nə işlə məşğul olursunuz, əminəm ki, bundan sonra cavabı belə olacaq - özümə toy eləyirəm. Sənətçi növbəti dəfə toy çaldırıb. Öz aramızdır, yaxşı hobbidir.

İndi yazacağım xəbəri özüm qəsdən axıra saxladım ki, daha yaxşı müzakirə edə bilək. Müğənni Yeganə Mürsəlovanı xatırlayırsınız? Mərsiyyə janrında "Taleyim" mahnısı da yadınızda olar. Bax o müğənni Zaur Kamalın verilişində deyib ki, ömür boyu biznes klassda uçuram, heç gör mən avtobusa yaraşıram? Şəxsən mən avtobusda elə qadınlar görmüşəm ki, Yeganənin onların əlinə su tökməyini həmin qadınlara rəva bilmərəm. Tam ciddi! Bilirəm ki, oxucularımın əksəriyyəti də məhz ictimai nəqliyyatdan istifadə edirlər. Və onların hər biri mənimçün bu cür düşünən istənilən sənətçidən qat-qat dəyərlidir. Söhbəti çox uzatmayaraq deyim ki, bu, istənilən şəxs üçün mədəniyyətsiz davranışdan başqa bir şey deyil. Sizin başqa deyəcəkləriniz olsa, şərhə yaza bilərsiniz. Mütləq oxuyacağam.

Mənbə: Milli.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *