Hicablı müğənni içki məclisində oxuyacaq
Hicab bağlamağa başladığını elan edən müğənni Niran Ünsal yeni bir qalmaqallı addımıyla gündəmdədir.
Daha əvvəl “başını açmaq şeytana xidmət etməkdir” sözləri ilə səs-küy yaradan ifaçı bu dəfə konsert xəbəri ilə diqqət mərkəzində olub. Belə ki, Niran İzmirdə içki məclislərinin birində səhnəyə çıxmağa hazırlaşır. Sənətçinin konsertinin afişası yayıldıqdan sonra sosial şəbəkədə böyük səs-küy doğurub.
N.Ünsal isə onu qınayanlara belə cavab verib: “Mən 20 ildir ki, bu sahədən pul qazanıram. Səhnədə olmağı çox sevirəm. Mənim ruzimi AK Partiyası vermir. Gündəlik həyatımda hicab bağlayıram, amma səhnəyə pariklə çıxıram. Hande Yener səhnəyə alt paltarında çıxanda heç bir problem olmur, mən hicabla çıxanda isə problem yaranır. İçkini mən içmirəm. Hamı özünə cavabdehdir. Biz içki içənə necə hörmət ediriksə, onlar da bizə hörmət göstərsinlər”.
Qeyd edək ki, Niran Ünsalın səhnəyə çıxacağı məkanın mətbuat katibi mediaya açıqlamasında bunları deyib: “Çoxlu sayda telefon zəngi gəlir. Bəziləri qeydiyyat üçün, bəzilər isə reaksiyasını bildirmək üçün zəng vurur. Bizi sensasiya dalınca qaçmaqda ittiham edirlər. Amma bunun heç bir əlaqəsi yoxdur. Niran Ünsalın həyat yoldaşı tanışımızdır. Bu fikir sonradan ortaya çıxdı. Biz açıq, yaxud qapalı geyinəcəyini heç fikirləşmədik. Ancaq səhnəyə hicabla çıxmayacaq. Parik taxacaq və libasının necə olacağını isə hələ bilmirik”.
Mənbə:> Axşam.az