“Multikulturalizm” jurnalının təqdimat mərasimi keçirilmişdir
AzNews.info xəbər verir ki, İyun ayının 23-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Multikulturalizm və kitab” mövzusunda konfrans və ilk nəşri çapdan çıxmış “Multikulturalizm” jurnalının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açmışdır. O, tədbir iştirakçılarını salamlamış, tədbirin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 mart 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planının 21-ci bəndinə müvafiq olaraq keçirildiyini bildirmiş, kompleks tədbirlərin regionlarda da keçiriləcəyini söyləmiş, multikulturalizmin Azərbaycanın ənənəvi siyasətinin çox yaxşı modeli olduğunu, ölkəmizin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəllərinin harmonik inkişaf etdiyini bildirmişdir.
Atatürk Mərkəzinin müdiri, Milli Məclisinin deputatı Nizami Cəfərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Nəriman Qasımzadə, Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin redaktoru Rəşad Məcid, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktoru Fəxri Uğurlu, yazıçı-publisist Sədaqət Kərimova və b. öz çıxışlarında Azərbaycanın multikulturalizm ənənələri ilə bütün dünyanın diqqətini cəlb etdiyini, multikulturalizmin Azərbaycan mədəniyyətinin cövhəri olduğunu, xalqımızın mədəniyyətində, başqa xalqlara münasibətində əsrlər boyu davam edib gələn bir anlayış olduğunu söyləmişlər.
Konfransın ikinci hissəsində məruzələr dinlənilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı, Bilik Fondunun əməkdaşı Reyhan Yusifqızı, Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Nəriman Qasımzadə, Milli Kitabxananın şöbə müdiri Adil Abdullayeva, F.Köçərli adına Uşaq kitabxanasının direktor müavini Zahirə Dadaşova, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşı Əliyusif Məmmədov, Hərbi akademiyanın dosenti, filologiya elmləri namizədi Münəvvər Məmmədova, Polis akademiyasının müəllimi Rahim Məcnunov, AMEA-nın Mərkəzi Kitabxanasının Fondların formalaşması şöbəsinin biblioqrafı Sevil Əliyeva və b. öz çıxışlarında multikulturalizm və kitabxana işi, kitabxanalara tətbiqindən danışmışlar.
Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanda multikulturalizm” elektron məlumat bazası təqdim edilmişdir.
Sonda tədbir iştirakçıları “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı kitab sərgisi ilə tanış olmuşlar.
Mənbə:> AZNEWS.INFO