Bu sevgi sənsiz olmaz demişdin...
Gənc bloqqer və yazar Vüsalə Mustafazadə "Bu sevgi sənsiz olmaz" adlı öz yeni şeirini paylaşıb.
AzNews.info sözügedilən şeiri oxucuları ilə bölüşür:
Bu sevgi sənsiz olmaz demişdin
Sən olmadan
Nə yaxından yaşanar nə uzaqdan.
Bu sevgi məsafəsiz
Zamansız, məkansız yaşanar demişdin.
Bu sevgi sənsiz olmaz ki
Küsər xatirələr
Soyuyacaq qəhvələr.
Bizsiz qalan sahillər
Gediləcək yollar küsər demişdin.
Bu sevgi sənsiz olmaz,
Bu yollar sənsiz gedilməz
Sərhədlər keçilməz ki demişdin.
Bu sevgi bir günəşin doğuşunda
Bir qəhvənin qoxusunda,
Bir gülün ətrində
Bir qucağın istisində
Bir evin küncündə yaşanar demişdin.
Sənsiz nəinki bir gün bir saat belə keçməz
Sənsiz günlər yerini dəyişər
Bədənimdə ruhum darıxar demişdin.
Göz yaşların ancaq xoşbəxtlikdən süzülər,
Darıxmağın rəngini unudarsan demişdin.
Bu sevgi lügətdəki ayrılığı, həsrəti silər
Yalnızlıqların üstündən xətt çəkər.
Gecələri gündüz edər,
Bütün qışları bahar edər demişdin.
Düşünürəm ki Bizdə bu boyda sevgi varkən
Mən ancaq xoşbəxtlikdən süzülən
Göz yaşlarımı silər
Sənlə yaşamağın zövqünü dadaram.
İkimiz boyda eşq varkən
Dünya qarşımıza diz çökər
Bəlkə kəpənəklərin belə ömrü uzanar.
Bir gün yoxluğunda,
Mən sənsiz dünyanın istənilən yerində
Mən sənsiz istənilən zamanda
Keçmişimdə, bu günümdə, gələcəkdə Sənə olan sevgimlə, sənli xatirələrimlə,
Sənin qoxunla Son nəfəsimə qədər Xoşbəxtliyi duyaram.
Mənbə:> AzNews.info