Dövlət reyestrindən keçməyən filmlər kinoteatrlarda nümayiş olunmayacaq – FOTO
Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2016-cı il tarixli, 753 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə bəzi dəyişikliklər edilmişdir. Dəyişikliklərə əsasən, kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan Respublikası ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə 2 min manat miqdarında cərimə nəzərə tutulur. Müvafiq qanunvericiliyə uyğun olaraq ölkə ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və Filmlərin Dövlət Reyestrinə daxil edilməlidir.
AzNews.info-nun məlumatına görə, sözügedən qərar mətbuatda və sosial şəbəkələrdə birmənalı qarşılanmamış və bəzi mübahisəli fikirlərin meydana gəlməsinə səbəb olmuşdur. Qərarın düzgün anlaşılmasında ortaya çıxan mübahisəli məqamlara aydınlıq gətirmək məqsədilə fevralın 24-də Nizami Kino Mərkəzinin konfrans zalında KİV nümayəndələri üçün brifinq keçirildi.
Brifinqdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov bildirdi ki, filmlərin qeydə alınması prosesi 2006-cı ildən başlayıb: “Bu vaxta qədər nazirlikdə 12 minə yaxın film qeydə alınıb. Əvvəllər bütün distributorlar bu qərara həssaslıqla yanaşırdı. Amma sonra bu məsələyə önəm verilmədi. Ona görə də nazirlik qəti addım atmağa məcbur oldu. Bu qərar həm də filmlərin kinoteatrda tərcümə ilə nümayişinə səbəb olacaq. Bununla bağlı kinoteatrlara aprelin 15-ə kimi vaxt vermişik. Bundan sonra dövlət reyestrindən keçməyən filmlər kinoteatrlara yol ala bilməyəcək”.
Sektor müdiri əlavə etdi ki, qadağalara əsasən, Azərbaycana gətirilən filmlərin yaş kateqoriyası müəyyən ediləcək. Bundan əlavə, zorakılıq və pornoqrafiyanı təbliğ edən filmlərə də qadağa qoyulub. Azərbaycana xarici filmləri gətirən bütün distributor şirkətlərinə vaxt verilib ki, filmlərin tərcüməsi ilə bağlı bütün məsələlər həll olunsun. Yəni Azərbaycan dilində alt yazısı olmayan film heç bir Azərbaycan kinoteatrında nümayiş etdirilə bilməz. Qaydalara riayət etməyənlər 2 min manat cərimə olunacaqlar. Azərbaycana gətirilən film ölkə ərazisində yayımlanmaq üçün yayım vəsiqəsi alır. Bundan sonra hər hansı başqa şirkət bu filmi nümayiş etdirmək istəsə onun üçün əlavə vəsiqəyə ehtiyac olmayacaq. Yeni qaydaya əsasən, subtitri olmayan filmlər qeydiyyatdan keçməyəcək. Yaxın zamanlarda Reyestr proqramı açıq internetə çıxarılacaq və istənilən vətəndaş maraqlandığı filmin qeydiyyatdan keçib-keçmədiyi haqda rahat şəkildə məlumat əldə edəcək.
Tədbirdə iştirak edən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Hesablama Palatasının kino sahəsində fəaliyyətlə bağlı Milli Məclisə təkliflər paketi təqdim etməsinə münasibət bildirdi. İrəli sürülən təklifləri təqdirəlayiq hesab edən direktor qeyd etdi ki, burada rejissorların, ssenaristlərin qonorarı məsələləri barədə məlumat yer alır: “Bizdə rejissorlara, ssenaristlərə ödənilən qonorar dünyada qəbul edilmiş qonorar həcmində deyil. Hesablama Palatasının bu məsələni qaldırması çox yerində addımdır. Biz yaxın gələcəkdə qəbul edilməsi gözlənilən kino haqqında qanunda yer alan normativ sənədlər bölməsində bu təkliflərdən istifadə edəcəyik”.
Ekran əsərlərinin qeydiyyatı məsələsinə də toxunan Müşfiq Hətəmov bildirdi ki, bu qərar daxili bazarda tamaşaçıların keyfiyyətli filmlərə baxmasına və hüquqların düzgün bölünməsinə dəstək olacaq.
Sonda KİV nümayəndələrinin sualları cavablandırıldı.
Mənbə:> AzNews.info