Ülviyyə Könüldən yay tətili söhbətləri – MÜSAHİBƏ+FOTO
Tanınmış xanım rejissor Ülviyyə Könül Advertising.az-a müsahibə verib.
AzNews.info müsahibəni olduğu kimi oxucularına təqdim edir:
- Salam. Hal-hazırda işləyirsən yoxsa dincəlirsən?
- Salam. Dincəlirəm. Necə deyərlər, növbəti gərgin iş ili üçün qüvvə toplayıram.
- Saytımız reklam haqqındadır. Suallarımızda bu mövzuyada toxunacayıq. Ümumiyyətlə, sən mülayim həmsöhbətsən yoxsa tikanlı?
- Hər şey verilən sualdan asılıdır. Sual verilən zaman özümü necə hiss edirəmsə ona uyğun da cavab verəcəm.
- Bu vaxta qədər neçə dənə reklam çarxı çəkmisən? Onlardan ən yadda qalanı hansıdır?
- Sayını dəqiq deməkdə çətinlik çəkirəm. Nəzərə almaq lazımdır ki, mən reklam bazarında 1996-ci ildən fəaliyyət göstərirəm. Ən yadda qalan isə əlbətdə ilk çəkdiyim çarxdır. İstənilən hadisə sənin üçün ilk olursa yaddaşa əbədi əks olunur. Bu Week And Plus qazetinin reklamı idi. Daha birinin adını da çəkə bilərəm. Bu selektiv abortlar barəsində olan sosial reklam çarxı idi. İndi belə hər dəfə baxdıqda insanı vahimə tutur.
- Həyatının böyük hissəsini səyahətdə keçirirsən. Ən çox sevdiyin, bəyəndiyin şəhər hansıdır?
- Los-Anceles. Bu şəhərdə səbəb oldu-olmadı mən həmişə özümü xoşbəxt və rahat hiss edirəm.
- Bu sahədə yeni olanlar üçün – reklam çarxı necə yaranır, ərsəyə gəlir?
- Bu çox çətin və əzablı prosesdir. Müştəri əyər hər detala ilişib bizim düşündüyümüzü yox, öz istədiyini reallaşdırmaq istəyirsə məsələ əməlli-başlı qəlizləşir. Reklam çarxında hərşey ideyadan asılıdır və onun üzərində iş qurulur. Çarxın uğurlu olmasının ən əsas şərti kreativlikdir. Mənim fikrimcə, reklamın yaranması hamısından yaxşı “99 frank” bədii filməndə göstərilib.
- Böyük kino sənin üçün nə deməkdir?
- Kinematoqraf mənim həyatımın ayrılmar bir hissəsidir. Gün ərzində bəlkədə 10-dan çox bədii filmə baxa bilərəm. Kinoya baxdıqda o qədər alüdə oluram ki, hətta reallıq hissini itirib filmin bir qəhramanı kimi özümü hiss edirəm. Hər bir film mənim üçün paralel dünyadır.
Rejisorluğa da məhz bədii film çəkmək arzusu ilə gəlmişdim. Lakin bu marağımı çox tez bir zamanda məhv elədilər.
- Sənin “Vəkil Hardadır?” adlı bədii filmin kinematoqrofda uzun sürən durğunluqdan sonra ərsəyə gələn ilk ekran əsərlərindən idi və böyük əks-sədaya səbəb olmuşdu. Mən daxil olmaqla onu izləyənlərin əksəriyyəti tərəfindən bəyənildi və alqışla qarşılandı. Onun sonrakı taleyi necə oldu?
- Yazıq o filmdən! Son zamanlar çəkilən digər filmlər kimi onun da teleyi çox iztirablı acınacaqlı oldu. Nəticə olaraq film rəfdə qalıb toz yığmaq ilə məşğuldur. Deyilənə görə bu yaxınlarda Space TV-də nümayış olunub.
- Quruluş və ssenariyə olan maraq səndə uşaqlıqdandır? Bu sahə üzrə nə vaxtdan fəaliyyət göstərirsən və ilk işin hansı olub?
- İlk işim – “Məhəbbət olmayanda” parçasına çəkilən klip 1995-ci ildə çəkilib. Bu iş o zaman böyük səs-küy qopartdı və professional aləmə mənim üçün giriş bileti oldu. Rejissor olaraq ilk dəfə özümü 4-cü sinifdə yoxlamışam. 1-ci sinif uşaqları ilə nağıl tamaşası qurmuşduq. Özümü xatırlayandan rejissor olmaq istəmişəm.
- Bir az əvvəl dediyin o səs-küy barəsində daha ətraflı ?
- O dövr üçün qeyri-adi və standartdan kənar idi. Öyrəşdiyimiz “ağac dibi” musiqi nömrələrindən deyildi. Klipdə adımı qeyd eləmək belə ağlıma gəlməmişdi. Buna görə sonradan onu öz adına çıxartmaq istəyənlər də peyda oldu.
- Çəkiliş meydançasında ən gülməli hadisə hansı olub?
- Həddindən artıq çox olub. İndi hansısa birini yadıma sala bilmərəm. Qoy hələlik fikirləşim.
- Əyər aktyor ona verilən rolu ifa edə bilmirsə nə etmək lazmdır? Qovmaq yoxsa davam etmək?
- Belə bir hadisə ilə rastlaşmışam. Aktyor artıq təstiqlənmiş və materialın böyük hissəsi çəkilmişdi. Qovmaq mümkün deyildi. Uzun-uzadı, əziyyətlə başa salmaq məcburiyyətində qaldıq. Yaxşı ki, montajın verdiyi üstünlüklər var. Aktyordan yüz faiz əmin olmalısan yoxsa sürpizlərlə qarşılaşacaqsan. Buna görə sınaq çəkilişləri mütləqdir.
- Rejissor üçün reklam nə deməkdir: qazanc mənbəyi, özünü realizəetmə və ya Cannes Lion qazanmaq ümidi? Reklam rejissoru nələri əldə etmək istəyir?
- Heç bir zaman mükafatlar haqqında düşünməmişəm. Mən şöhrətpərəst adam deyiləm. Bunu tam səmimilik və dürüstlüklə deyə bilərəm. Maddi qazancla yanaşı bu iş mənim üçün həmişə bir özünü realizəetmə deməkdir. Sonucda bu bir yaradıçılıqdır. Belə demək olarsa, çox qüvvətli adrenalın mənbəyidir.
- Reklamda daha çox kimi çəkməyi üstünlük verirsən: uşaq, qadın və ya kişi? Qarşıya qoyulan məqsədə kim daha tez çatır?
- Uşaqlar daha səmimi, qadınlar isə emosional olur. Aktyorları gender mənsubiyyətinə görə bölməyi sevmirəm. Hamısı mənim üçün əzizdir.
- Qarşılıqlı anlaşma səviyyəniz 100 faiz olan,tam bəyəndiyin reklam agentliyi var?
- Şükürlər ki, var. Bir mənalı olaraq “Peachline Advertising” agentliyi! Əsl kreativ insanlardırlar!
- Beynəlxalq təcrübən necədir? Ölkə xaricində çəkilişlər aparmısan?
- Hollivudda amerikan aktyorları və çəkiliş qrupu ilə İDEA təşkilatı üçün ekologiya mövzusunda reklam çarxı çəkmişəm. Çox gözəl iş alındı.
- ... Əla klipdi
- Mən də onu çox bəyənmişəm.
- Xidmətin maddi qarşılığı necə hesablanır – saat/gün sistemi üzrə və ya sifarişçinin qəlbinin genişliyindən asılıqdır.
- Sifarişçinin qəlbinin genişliyindən asılı olsaydı indi açından qırılardıqJ. Söhbət çəkiliş prosesinin məhsulundan gedirsə qiymət ssenaridən asılıdır. Ssenari nə qədər mürəkkəb olarsa çəkiliş prosesinin vaxtı uzanır ki, bu da ödənişdə əks olunmalıdır.
- Çəkiliş prosesini, kamera və pavilyonları kənara qoysaq, sənin – Ülviyyə Könülün professonal əməyinin maddi tərəfinin hesablanma forması necədir?
- Hər şey işin çətinlik dərəcəsindən aslıdır. Saat/gün hesablaması aparmırıq. Klip, reklam, bədii film, televiza verilişi – bu növ məhsullar üçün ortalama qiymət var. Bundan əlavə tədbirlər, konsertlər təşkili məsələsidə var.
- ...keç reklama
- Elədir)). Üzr istəyirəm.
Reklam çarxının qiyməti işin mürəkkəbliyindən və vasitəçi olan reklam agentliyindən asılıdır. Cavab olaraq bunları deyə bilərəm. Onu da əlavə edim ki, mənim xidmətlərim bəzi yerli və xarici həmkarlarıma nisbətən çox aşağıdır.
- Saniyələr içində reklamın mənasını çatdırmaq üçün çəkiliş meydançasında hansı incəliklərdən istifadə edirsiniz? Axı bu heç qısametrajlı film də deyil. Mənanınövəti kadrda “çeynəyib” izləyiciyə çatdırmaq imkanı yoxdur.
- Mənanı 20-30 saniyəyə çatdırmaq çox çətindir. Çalışıram uzun kadrlardan istifadə etməyim və detallara daha çox vaxt ayırım.
- Kameranı götürüb, reklam çəkməyə çəhd edən gənclərə tövsiyyən nə olardı?
- Daha çox izləmək, dinləmək, səyahət etmək və bunlardan təəssürat almaq.
- Çəkiliş meydançasında ən gülməli hadisəni yadına saldınmı?
- Keşən yay daxili turizm barəsində silsilə verilişlər hazırlayırdım.Lənkəranda talış mətbəxi haqqında çəkiliş aparırdıq. Birdən qız aparıcı, oğlan aparıcıya dedi: “Sənə çoxlu qoz yemək lazımdır”. Oğlan (müğənni Azad Şabanov) duruxub qaldı və mənə baxdı. Bir müddət sonra pıçıltı ilə soruşdum ki, niyə??? Aparıcı təmamilə başqa bir məsələni nəzərdə tuturdu amma dediyi sözlərin neçə anlaşıldığını anladı və özü də gülməyə başladı. Sözün qısası bütün çəkiliş qrupu dayanmadan gülürdü.
Sən demə bu mügənnilərin səs telləri üçün çox faydalı imiş. Ona göre belə deyib. Doğrusu mən tam əksini, zərər olduğunu bilirdim.
- Sevimli rejissorun adını çəkərdin?
- Baz Lurmanın yaradıcılığını sevirəm. Filmlərini klip janrında çəkir. Bu mənə çox yaxındır, ona görə də bəyənirəm onu. Martin Skorsezenin adını çəkməmək də günah olardı.
- Çox təəssüf ki, müsahibəmiz sona çatır. Bu cür maraqlı həmsöhbətlə saatlarla danışmaq olar. Səmimiyyətinə görə çox sag ol deyir və yaradıcılıq uğurları arzu edirik.
- Mən də öz növbəmdə maraqlı suallara görə saytınıza təşəkkürlərimi bildirirəm.
Mənbə:> Advertising.az