Keçmiş narkoman: “Anam dedi ölürüksə, gəl birlikdə ölək...”
“Narkomaniya mənim üçün diri-diri ölmək idi. Bəlkə çoxları inanmaz, ancaq doğrudan belə idi.
Sən ölüsən, yalnız nəfəs alırsan. Sən ananı gözüyaşlı qoyursan, atanın belini bükürsən, bacı-qardaşın səndən üz çevirir, uzaq qaçır. Atan-anan belə bir oğlu olduğuna, bacı-qardaşı belə bir qardaşı olduğuna görə hamıdan utanır”.
Şərti adı Adil olan 28 yaşlı gənc özünü narkomaniyanın ağuşuna 10 il əvvəl atıb. Deyir həmin gündən təkcə özünün yox, bütün ailəsinin qara günləri başlayıb: “Elə olmuşdu ki, hamı məndən üz çevirmişdi. Atam da anamın yalvarışlarına baxmayaraq axırda məni evdən qovdu. Onda bir anam məni atmadı. Xalamgilə apardı, orada saxladı. Həkimə gedirdi, falçıya gedirdi. Yazıq arvad ora-bura çırpınırdı ki, məni bu çirkabın içindən dartıb çıxarsın. Mən isə narkotik qəbul etməyəndə titrəyirdim, ölüb-olümdən qayıdırdım. Axırda anam dedi ki, ölürüksə, gəl birlikdə ölək. Əlimdən tutmuşdu, ağlayırdı. Başımı sinəsinə qoyub mən də ağladım. Bir-birimizi qucaqlayıb hönkürürdük, dəli kimi ağlayırdıq. Ağlayıb qurtarandan sonra elə bil, ikimiz də sakitləşmişdik. Sonra müalicəyə başladım”.
Adili anası müalicəyə aparıb. Əvvəl-əvvəl müalicənin təsiri az olub, sonra güclənib. Tamam zəifləmiş, əldən düşmüş gəncin get-gedə bədəni möhkəmlənməyə, itirdiyi çəkisi qayıtmağa başlayıb.
Adilin dediklərindən: “Narkotik qəbul etməyə başlayanda 20 yaşım vardı. İndi 28 yaşım var. Müalicəyə 24 yaşımdan başladım. Bu günümə qayıtmağım düz 4 il çəkdi. Bu 4 ildə bir yorulmayan anam oldu. İki aydan sonra ailə quracağam. Məni o bataqlıqdan anam çəkib çıxardı. Hamı anasına borcludur, mən isə beşqat, onqat borcluyam”.
Builki rəsmi rəqəmlərə görə, Azərbaycanda 30 minədək narkoman var. Səhiyyə Nazirliyinin daha dəqiq məlumatına görə, 28 min 656 nəfər. Onlar rəsmi qeydiyyata alınanlardır. 2014-cü ildə qeydiyyata alınan narkomanların sayı 28 min 376 nəfər olub. Bir il ərzində narkomanların sayı 280 nəfər artıb.
Narkotacirlər narkotiki məktəblilərə, tələbələrə pulsuz verirlər
Son 5 ildə isə narkotik istifadəçilərinin sayı 3 mindən çox artıb. Yenə Səhiyyə Nazirliyinin rəsmi rəqəmlərinə baxaq:
2010-cu ildə 25489 nəfər narkoman olub. 2011-ci ildə 26716 nəfərə çatıb. 2012-ci ildə 27910 nəfər, 2013-cü ildə 28376 nəfər narkoman olub. 2015-ci ildə isə bu say artaraq 28656 nəfərə çatıb.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva deyir ki, artımın əsas səbəbi insanların bu bəladan məlumatsız olmasıdır: “Çünki narkotacirlər məktəblilərə, universitet tələbələrinə narkotik vasitələri pulsuz verir. Onlar da istifadə edirlər, alışqanlıq yaranır. Şagirdlərin, tələbələrin, ya da digər insanların məlumatı olsa, narkotikləri alıb istifadə etməzlər, bu bəlaya da düçar olmazlar. Bilirik ki, bir dəfə narkotikdən istifadə edən şəxs narkomana çevrilmir. Narkomana çevrilmək üçün dəfələrlə istifadə etmək lazımdır. Ona görə ailədə valideynlər öz övladları ilə bu mövzuda danışmalıdır.
Hazırda biz Təhsil Nazirliyi ilə birlikdə məktəblilər üçün kurrikulum hazırlamışıq. Burda da əsas məqsəd sırf məktəblilərə narkomaniyanın zərərləri barədə məlumat verməkdən ibarətdir”.
Leyla Yolçuyeva deyir ki, gələcəkdə hazırladıqları kitabçalardan məktəblərdə dərslik kimi istifadə olunacaq.
“Bu nə bəladır, ay Allah?! Hər gün bu qədər boş şpris süpürəndə dəhşətə gəlirəm...” - bunu deyən Güllü Nəsibova 10 ildən çoxdur ki, Bakıda mənzil-istismar sahəsində təmizlikçi işləyir.
G.Nəsibova deyir, bu 10 ildə Bakının müxtəlif rayonlarında işləyib. Hər dəfə binaların qarşısından, həyətlərdən iynə şprislərini süpürdükcə ürəyi ağrıyır: “Hamı bilir ki, hər binada bu qədər adi xəstə olmaz. Özü də xəstələr iynələri blokun qabağına, həyətə atmırlar. Bu, o bədbəxt uşaqların işidir. Hər dəfə bu iynələri süpürəndə elə bilirəm zibiqabına o uşaqların həyatını atıram. Görəsən, niyə bunların qarşısı alınmır?”
Narkomaniyaya qarşı mübarizə ilə bağlı şəhərin küçələrinə bilbordlar, dayanacaqlarda isə reklam çarxları yerləşdirilir. Bu işlə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məşğuldur. Bu təbliğat adətən iyunun əvvəlindən başlayır, təxminən iki həftə davam edir. Sonra yığışdırılır.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva “Azadlıq”a deyir ki, mübarizə pərakəndə şəkildə aparılır.
Onun fikrincə, bu sahə ilə bağlı milli konsepsiya işlənib hazırlanmaldır. Könüllülər, QHT-lər və dövlət strukturları birgə işləməlidir. Daha çox yeni texnologiyalardan istifadə olunmalıdır: “Biz artıq “narkomaniya ağ ölümdür”, “zərərli vərdişdir” kimi sözləri arxivləşdirməliyik. Digər metodlara keçməliyik. Yeni metodlar axtarmalıyıq, dünya təcrübəsinə əsaslanmalıyıq. Onda effektli nəticə əldə etmək olar. Biz düşünürük ki, bunu bir qədər də internet üzərindən etməyə çalışaq. Küçələrdəki təbliğat bilbordlarının sayını, elektron KİV-də reklam çarxlarını artıraq”.
Rəsmi rəqəmlərə görə, Azərbaycanda 28 min 656 nəfər narkoman var. Mütəxəssislər deyir ki, daha aydın görüntü üçün rəsmi rəqəm 5-ə, 10-a vurulmalıdır. Onda da rəqəm daha dəhşətli görünür.
Mənbə:> Virtualaz.org