“Gəldik də Bakıya: hanı bizi tutan?”
“Özünə hörmət edən jurnalist belə alçaqlıq etməz”.
Bu sözləri Röya Ayxanın prodüseri Kənan müğənninin yenidən ölkədən gedib-getməyəcəyi ilə bağlı Axar.az-a danışarkən deyib: “Röya istər Türkiyədə, istərsə də hər hansı bir xarici ölkədə yaradıcılıqla məşğul olsa da, ölkəni heç vaxt birdəfəlik tərk etməyəcək. Bu, adi bir səfər idi. Ortada nə şikayət, nə şikayətçi, nə də məhkəmə var. Sadəcə, iki-üç artist ortalığa düşüb, boş-boş danışır. Biz xaricə istirahətə gedirik: biri yazır xaricə qaçdılar, biri yazır ölkəni tərk etdilər. Ayıbdır. Bu qədər səviyyəsizlik olar? Məhkəmə işi olsaydı, kimsə rəsmi açıqlama verərdi. Polis, Prokurorluq və ya hər hansı bir aidiyyəti qurumdan heç bir açıqlama verilmədi. Üç-dörd jurnalist bir-birinə istinad edərək uydurma məlumat yazır. Özünə hörmət edən jurnalist belə alçaqlıq etməz. Gəldik də Bakıya, nə oldu? Nə bir tutan var, nə bir axtaran. Hansısa vəkilin dediyi sözdən yapışıb, qara piarla məşğul olurlar. Vəkil, ümumiyyətlə, söz deyə bilməz. Gördüyünüz kimi, hamısı nisyə söhbət idi, vəkilin sözlərini şişirdib, xəbər hazırladılar. Şikayət olmayan yerdə bizə heç nə edə bilməzlər”.
Xatırladaq ki, Röya Ayxan dünən “Qarabağ” və “Neftçi” komandaları arasında baş tutan final qarşılaşmasından əvvəl meydanda mahnı ifa edib. Bundan sonra sosial şəbəkədə onun həbs olunub-olunmayacağı haqda söz-söhbətlər yenidən gündəmə gəlib.
Mənbə:> Axar.az