Ekstazi həbləri və kokain İstanbuldan Bakıya belə daşınırmış... » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Ekstazi həbləri və kokain İstanbuldan Bakıya belə daşınırmış...

Ekstazi həbləri və kokain İstanbuldan Bakıya belə daşınırmış...


Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

İstintaqla müəyyən olunub ki, Atilla Boran bir qrup şəxslə əlbir olaraq ölkəyə gizli yollarla narkotik vasitə və psixotrop maddələr gətirib satmaq barədə Ramil İsmayılovla əvvəlcədən razılığa gəlib. Bu məqsədlə ötən ilin yanvar ayından etibarən külli miqdarda narkotik vasitəni dəfələrlə Bakı-İstanbul marşrutu üzrə hərəkət edən avtobuslarla yüklərin içində gizli şəkildə Bakıya göndərib.

A.Boranın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olandan sonra həmin idarənin əməkdaşları əməliyyat-axtarış tədbiləri keçiriblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 35 yaşlı Atilla Boran 2014-cü il, sentyabrın 22-də Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üstündən, eləcə də yaşadığı evdən 40 qramdan çox kokain, 30 büküm sintetik üsulla hazırlanmış güclü təsirə malik banzay və 50 ədəd ekstazi həbi aşkarlanaraq götürülüb.

İstintaq araşdırması zamanı A.Boranın biznes ortağı da məlum olub. Onun Tovuz rayon sakini, 28 yaşlı Ramil İsmayılovla əlbir olaraq dəfələrlə Türkiyədən qaçaqmalçılıq yolu ilə ölkəmizə müxtəlif tərkibli narkotik maddələr gətirdiyi aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərini davam etdirən polis əməkdaşları ertəsi gün Ramil İsmayılovu da yaxalayıblar. Saxlanılarkən R.İsmayılovun üstündən 15 qram kokain və 30 ekstazi həbi aşkarlanaraq maddi sübut kimi götürülüb.

O da məlum olub ki, ölkəmizə narkotik maddə gətirərək satmaq təklifini Atilla Boran verib. Ramil İsmayılov isə dəfələrlə Atilla Borana pul verərək Türkiyəyə göndərib və kokain, banzay, həmçinin ekstazi gətirməyi tapşırıb. Narkotik tərkibli maddələr gizli yollarla Bakıya gətirilib və satılıb. Əldə edilən pullar isə aralarında bölüşdürülüb.

Ekstazi həbləri və kokain İstanbuldan Bakıya belə daşınırmış...

Atilla Boran

Təqsirləndirilən şəxs qismində dindirilən Atilla Boran ona elan olunmuş ittihamlarla özünü təqsirli bilib. O, ifadəsində 5 ilə yaxındır Bakıda bizneslə məşğul olduğunu, son bir ildə narkotik maddələrin satışı ilə məşğul olduğunu göstərib: “Qadın və kişi bərbərxana ləvazimatlarının satışı ilə məşğul olurdum. Son vaxtlar ziyana uğramışdım, borca düşmüşdüm, maddi vəziyyətim çox pis idi, gəlir yerim yox idi. Ramili saç ustası Batuhanın vasitəsilə tanımışam. Tanış olandan təxminən iki-üç ay sonra belə qərara gəldik ki, birlikdə Türkiyədən kokain, ekstazi həbləri gətirib sataq, qazancı yarı bölək. Narkotik almaq üçün lazım olan məbləği isə Ramil tapıb verəcəkdi. Hər dəfə Ramil mənə 5-10 min dollar verir, həmin pulu götürüb Türkiyəyə gedirdim. İstanbulun Ağsaray adlanan məhəlləsində İbrahim adlı şəxsdən kokainin 1 qramını 100 dollara, ekstazi həblərinin 1 ədədini 7-8 dollara, bonzay adlanan sintetik narkotik vasitənin 1 qramını 60-80 dollara alırdım”.

Atilla Boranın ifadəsinə görə, narkotik vasitələri bəzən karton qutunun içində, geyim əşyalarının arasında, bəzən də DVD aparatının, mikser qurğusunun içində qablaşdırıb. Həmin karton qutunu isə karqoya təhvil verib, avtobuslarla Bakıya, özündən uydurduğu bir adamın adına göndərib. Karqodan aldığı qəbzdə yükün çəkisi, daşınma qiyməti, malı Bakıda qəbul edəcək şəxsin adını yazıb: “Hər dəfə bir ad uydurub deyirdim. Guya malı Bakıda həmin şəxs gəlib götürəcək. Ona görə belə edirdim ki, birdən karqo ilə göndərdiyim narkotiki sərhəddə gömrükçülər aşkar etsələr, malların mənə məxsus olmasını bilməsinlər. Narkotiki göndərəndən sonra təyyarə ilə Bakıya gəlirdim. Mallar 3-4 gündən sonra “Xətai” metrosunun arxasında yerləşən “TIR” parkına gəlib çatırdı. Qəbzdəki yükün nömrəsini deyirdim, malı götürüb gedirdim. Həmin malları Ramillə birgə Bakıda satırdıq.

Sonuncu dəfə sentyabrın 7-də Türkiyəyə mal gətirməyə getdim. Aldığım narkotiki DVD aparatının içinə, ayaqqabıya, əşyaların arasına qablaşdırdım və karqoya təhvil verib Bakıya yola saldım. Özüm isə təyyarə ilə Tiflisə, oradan avtobusla Bakıya gəldim. Yükü təhvil alandan sonra evə gətirib yerbəyer etdim. Kokainin 25 qramını Ramillə görüşüb ona verdim. Yerdə qalanları kirayə yaşadığım mənzildə saxladım. Son vaxtlar özüm də kokaindən istifadə edirdim.

22 sentyabr, 2014-cü ildə Nərimanov rayonu ərazisində tək dayanarkən bir neçə mülki geyimli şəxs mənə yaxınlaşıb polis əməkdaşları olduqlarını dedilər. Polislər narkotik vasitələrin qəbulu və satışında şübhəli bilindiyimi söylədilər və üzərimə baxış keçirdilər, bükümləri, həbləri tapdılar. Kirayə yaşadığım evə baxış keçirdilər. Mətbəxdəki bankanın içindəki bükümləri polislərə təhvil verdim”.

Ekstazi həbləri və kokain İstanbuldan Bakıya belə daşınırmış...


Təqsirləndirilən şəxs qismində dindirilən Ramil İsmayılov ifadəsində narkotik alveri ilə bağlı təklifin Atilla Borandan gəldiyini göstərib: “Atilla Boran narkotik vasitələrdən söhbət açıb deyirdi ki, maddi vəziyyətim ağırdır, pula ehtiyacım var, əgər pul olarsa, Türkiyədən kokain, ekstazi alıb gətirər, burada satarıq.

Atillanın maddi vəziyyəti pis olduğuna görə onun təklifi ilə razılaşdım. Hər dəfə Türkiyəyə gedəndə ona 5-8 min dollar verirdim. Atillanın yol xərclərini, yükün daşınma pulunu, narkotik vasitələrin alınmasına sərf olunan pulları mən verirdim. O isə gedib onları Türkiyədən alır, gizli şəkildə Bakıya gətirib çıxarırdı. Yük Bakıya gələndən sonra Atilla ilə satıb aramızda bölürdük.

Sonuncu dəfə Atilla Türkiyədən gələndən sonra karqo ilə əlaqə saxladı, yükü təhvil alıb narkotikin onda olduğunu mənə dedi. Elə həmin gün görüşdük, mənə 25 qram kokain verdi. Ertəsi gün Nərimanov rayonunda “Abu Arena” restoranının qarşısında dayanarkən mülki geyimli şəxslər yaxınlaşdılar və narkotik vasitələrin satışı ilə məşğul olmağım barədə onlarda məlumat olduğunu dedilər. Hal şahidlərinin iştirakı ilə üzərimə baxış keçirildi və 30 ədəd ekstazi həbləri və kokain aşkar edilərək götürüldü. Hərdən özüm də ekstazi həbləri qəbul edirdim”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *