Azərbaycanlı tələbənin qatilləri tutuldu
Belarusun paytaxtı Minskdə yaşayan və iş adamı olan Azərbaycan vətəndaşı 2014-cü ilin noyabrında yerli milisə müraciət edərək 24 yaşlı qohumunun itkin düşdüyünü bildirmişdi.
Virtualaz.org saytı Belarus nəşrlərinə istinadən xəbər verir ki, yoxa çıxdığı deyilən gənc universitet tələbəsi olub, eyni zamanda barmen kimi çalışıb, köhnə maşınların alqı-satqısı ilə məşğul olub.
Minsk Şəhər Baş Milis İdarəsi cinayət-axtarış bölməsinin əməkdaşları azərbaycanlı tələbəyə məxsus “Volkswagen Golf” markalı avtomobili bu günlərdə tapıblar. Maşının salonunda qan izləri aşkarlanıb. Bu da azərbaycanlı tələbənin yoxa çıxmasında kriminal xarakterli səbəblərin olduğunu güman etməyə əsas verib.
Hüquq-mühafizə orqanları Minsk sakini olan 35 yaşlı şəxsi və onun 30 yaşlı qohumunu şübhəli şəxs qismində nəzarətə götürülüb. Öldürülən şəxs onların biznes şəriki olub.
Araşdırmalar zamanı məlum olub ki, azərbaycanlı tələbə dostları ilə birgə qazandıqları ümumi pulları öz bildiyi kimi təkbaşına xərcləyib. Bu da şəriklər arasında mübahisə və dava-dalaşa səbəb olub. Bu zaman həmin şəxslərdən biri azərbaycanlı tələbənin ürəyinə bıçaqla bir zərbə vurub. Zərbə ölümcül olub. Şəriklər maşının çində öldürdükləri azərbaycanlı tələbənin meyitini şəhər kənarındakı bir gölün qırağına apararaq orada basdırıblar.
Tələbənin qatillərinin hər ikisi həbs edilib və onlara qarşı ittiham irəli sürülüb. Amma maraqlıdır ki, Belarus KİV-ləri nə azərbaycanlı tələbənin, nə də onun qatillərinin kimliyi barədə məlumat vermir.
Mənbə:> Virtualaz.org