Əvəz Ələkbərovun qohumunun qətli işində qəfil dönüş: zərərçəkən, yoxsa qatil?!
Bunu virtualaz.org saytının redaksiyasına müraciət edən Bakı şəhər sakini Eldar İbrahimov deyib.
E.İbrahimov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin keçmiş rəis müavini, ötən il sentyabrın 1-də xüsusi amansızlıqla öldürülmüş Füzuli İsgəndərovun qətlində ittiham olunan Xalidə İsgəndərovanın qardaşıdır.
Eldar İbrahimov iddia edir ki, bacısını heç bir əsas olmadan, haqsız yerə həbs ediblər: “İstintaq orqanları çox primitiv dəlil-sübuta əl atıb, bacımı şərə-böhtana salıb tutublar. Ötən il avqustun 29-da bacım Xalidənin qızı Bülbülün toyu olub. Toydan üç gün sonra - sentyabrın 1-də isə bu qətl hadisəsi baş verib”.
“Bacıma deyib ki, yaxın gəlmə, səni də öldürərəm...”
E.İbrahimovun dediklərindən belə məlum olur ki, hadisə baş verən gün bacısı Xalidə xəstə anasına baş çəkmək üçün onlara getməyə hazırlaşırmış. Evdə olan 14 yaşlı qızı Əmanəyə də deyib ki, nənəngilə gedirəm, atana çay-çörəyi sən verərsən: “Xalidə həyat yoldaşı Füzulidən yolpulu istəyib. Füzuli də bacıma 50 manat verib. Xalidə ona avtobusa vermək üçün xırda pul lazım olduğunu deyib. Füzuli həm alıb qaraja qoyduğu qarpızı, həm də maşından xırda pul götürmək məqsədilə həyətdəki qaraja gedib. Bir qədər sonra Əmanə qarajdan səs gəldiyini və atasının kimisə söydüyünü eşidib (qeyd edək ki, azyaşlı Əmanə İsgəndərli ilkin izahatında belə deyib-red.). Bacım tez aşağı düşərək “Füzuli, Füzuli...” deyə ərini səsləyib. Həmin vaxt Füzulinin kiməsə “heç olmasa arvad-uşağa dəymə” dediyini eşidib. Qaraja keçmək istəyəndə içəridə olan şəxs bacıma “yaxın gəlmə, səni öldürərəm, pul istədim, maşının açarlarını istədim - vermədi” deyib.
Səs-küyə Əmanə də gəlib. Evə hücum edən şəxs həm bacımı, həm də uşağı bıçaqla hədələyib. Bıçağı Əmanənin boğazına dirəyib, ana-baladan toydan yığılan pulları və qızıl-zinət əşyalarını tələb edib. Xalidə qızılları ona verəndən sonra üstəlik pulqabıdakı 50 manatı da verib.
Bacım deyir ki, Füzulini vuran şəxsin əli yaralı olub. Görünür, hadisədən əvvəl Füzuli ona müqavimət göstərmək istəyib.
Ağır xəsarət alan yeznəmi təcili olaraq “Azərsutikinti” xəstəxanasına aparıblar. Amma həyatını xilas etmək mümkün olmayıb”.
İstintaq orqanı zərərçəkmişi qatilə çevirib?
Şikayətçinin dediyinə görə, hazırda iş Bakı Şəhər Prokurorluğunun müstəntiqi Müşfiq Abbasovun icraatındadır.
Eldar İbrahimov
E.İbrahimov 14 yaşlı Əmanənin qanuni nümayəndəsi olmadan prokurorluqda dindirildiyini deyir: “Uşağa psixoloji təsir göstərərək anasının üzünə qoyublar. Qanunları bu cür tapdayıblar. Çox qəribədir ki, bu işdə qəfil dönüş baş verdi. Belə ki, bacım 2015-ci il, aprelin 13-də zərərçəkən kimi tanınıb. İki həftə sonra - aprelin 30-da isə müstəntiq zəng vuraraq bacımı və qızı Əmanəni prokurorluğa çağırıb və mərhum Füzulinin bacısının əri Mahir Süleymanovla üzləşmə keçiriləcəyini deyib. Elə həmin gün də bacımı həbs ediblər. Həmin vaxt bacımın qanuni nümayəndəsi Elmira xanım da onunla bir yerdə olub. Müstəntiq Xalidəyə deyib ki, sizi həbs edirik, əlimizdə kifayət qədər dəlil-sübut var, sizi 20 il, ya da ömürlük həbs gözləyir, ərinizi siz öldürmüsünüz...”
Şikayətçinin sözlərinə görə, anasının həbs xəbərini Əmanəyə Xalidə İsgəndərovanın nümayəndəsi Elmira xanım verib: “Əmanə dəhlizdə oturub gözləyirmiş. Elmira xanım ona yaxınlaşıb deyib ki, ananı həbs edirlər, mən vəkil çağırmağa gedirəm, sən möhkəm ol, susa da bilərsən.
Uşaq bu xəbərdən sarsıntı keçirib. Elmira xanım bir qədər sonra geri qayıdıb və Əmanə ilə birlikdə müstəntiqin otağına keçiblər. Müstəntiq uşağa deyib ki, anan hər şeyi boynuna aldı, atanı anan öldürüb.
Əmanə də öz nümayəndəsi Bəsti xanım yanında olmadığına görə əvvəlcə ifadə vermək istəməyib. Müstəntiq Müşfiq Abbasov ona Bəsti xanımın işdən uzaqlaşdırıldığını, ona başqa nümayəndə təyin olunacağını bildirib. Elmira xanım isə öz növbəsində Əmanəyə “Müşfiq müəllim yaxşı müstəntiqdir, ananı psixi xəstə adı ilə sonradan azadlığa buraxdıracaq” deyib. Uşağa psixoloji təzyiq göstərilib və ondan anasının əleyhinə ifadə alınıb”.
“Dedi ki, tez təcili yardım çağır, ərini pis vurmuşam...”
Azyaşlı Əmanə İsgəndərli virtualaz.org saytına açıqlamasında dedi ki, qatil qanlı vəziyyətdə olan bıçağı onun boğazına dirəyəndə anası Xalidə qorxuya düşüb: “Anam elə bildi ki, atamı öldürən adam mənim də boğazımı kəsib. Onun əlindən bıçağı almaq istəyəndə anamın da əli kəsildi. O, anama hücum çəkib onu da bıçaqla hədələdi. Qızılları və pulu götürəndən sonra isə “təcili yardım çağır, pis vurmuşam, ərin indi öləcək” dedi. Sonra isə qaçıb getdi”.
Soldan: Əmanə və Bülbül İsgəndərli bacıları
“Müstəntiq mənə dedi ki, nə bilirsənsə, düzünü danış. Hadisəni olduğu kimi danışanda isə sözümü kəsib “Gözümün içinə baxa-baxa yalan danışırsan. Əgər mənim dediklərimi təsdiq etməsən, səni də, ananı da ömürlük həbs etdirəcəm, anan hər şeyi boynuna alıb, atanı o öldürüb, anan qatildir” dedi.
Müstəntiq dedi ki, sənə söz verirəm, ananı psixi xəstəliklə buraxdıracam. Mən də inandım, müstəntiqin dediklərini təsdiq etdim”- deyə Ə.İsgəndərli bildirdi.
Ə.İsgəndərli hadisədən sonra ilkin dindirmə zamanı Nizami Rayon Polis İdarəsində (RPİ) fiziki təzyiqə məruz qaldığını da iddia etdi: “Məndən hadisə barədə soruşdular. Firdovsi adlı polis əməkdaşı söylədiklərimi dinləmir, telefonla kiminləsə danışırdı. Qəflətən dubinka ilə belimə vurub “sən məni niyə gözləyirsən, ifadəni ver” deyə qışqırdı.
Polis rəisinin müavini olan İzzət Əsgərov (o, hazırda Nizami RPİ-də yox, digər idarədə çalışır-red.) isə “bəlkə atanı ananın gəzdiyi kişi öldürüb” deyəndə əlimi stola çırpıb dedim ki, yalan danışırsan. Bu vaxt o, əlinin arxası ilə üzümə şillə vurdu”.
Videogörüntülər hara yoxa çıxıb?
E.İbrahimov mətbuatda bacısı qızı Bülbülün toyunda sonuncunun ilk sevgilisi tərəfindən dava salınması ilə bağlı səslənən fikirlərin doğru olmadığını dedi: “O toyda mən də iştirak etmişəm. Yalan deyirlər, elə şey olmayıb. Əgər dava olsaydı, kameralara düşərdi. Yazıblar ki, guya qızı sevən oğlan dava salıb. Hamısı Nizami Rayon Prokurorluğunda dindirilib. Videogörüntülərdə bir nəfərin ev istiqamətində gəlişi və evdən sağa-sola baxaraq çıxması anları qeyd olunub, bu epizodlar kameraya düşüb. Amma sonradan videogörüntülər rayon prokurorluğunda it-bata düşüb. Görüntülər Bakı Şəhər Prokurorluğuna gedib çıxmayıb”.
Şikayətçinin sözlərinə görə, mənzildən guya qan izlərinin aşkar olunması və bacısının hadisədən sonra Türkiyədə yaşayan qardaşı ilə internetlə əlaqə saxlaması sübut kimi götürülüb: “Hadisədən sonra bacımın, ailə üzvlərinin, qohumlarımızın telefonları izlənib. Guya hadisədən sonra bacım Türkiyədə yaşayan qardaşımla skaypla danışıb ki, belə bir iş görmüşəm, nə edim...
Halbuki belə bir şey olmayıb axı. Bunu ortaya çıxarmaq istintaq orqanının əlində nə çətin işdir?! Bu işdə qardaşımın, qardaşım oğlunun da adını hallandırırlar. Guya qardaşımın oğlu da orada olub. Belə deyil”.
79 yaşlı ana: “Əgər bu qətli mənim övladım törədibsə...”
Xalidə İsgəndərovanın 79 yaşlı anası Xəyal İbrahimova virtualaz.org saytına açıqlamasında ölkə başçısına müraciət etdiyini dedi: “Mənim qızımı günahsız yerə həbs ediblər. Əgər bu qətli mənim qızım törədibsə, qoy cəzasını çəksin. Ölkə başçısına, Baş Prokurorluğa, DİN-ə müraciət etmişik. Bu işi yenidən araşdırsınlar. Bu, bizim nəslimizin adına vurulan ləkədir. Biz bu ləkəni üstümüzdə gəzdirə bilmərik. Bu işdən balamın xəbəri yoxdur. Nə kürəkənimin qanının batırılmasını istəyirik, nə də balamın şərə-böhtana məruz qalmasını. Qoy əsl qatili tapsınlar”.
İbrahimovlar ailəsi bu işin dərindən araşdırılmasını və əsl qatilin tapılmasını tələb edir: “Əks halda Azərbaycandakı xarici ölkə səfirliklərinə və beynəlxalq təşkilatlara müraciət etməyə məcbur olacağıq. Çünki bütöv bir ailəni məhv ediblər”.
E.İbrahimovun və digər şikayətçilərin səsləndirdiyi bu iddialara aydınlıq gətirmək üçün Nizami Rayon Polis İdarəsi ilə əlaqə saxladıq.
Nizami RPİ cinayət-axtarış bölməsinin rəisi Firdovsi Hüseynəliyev virtualaz.org saytına açıqlamasında səslənən iddiaları təkzib etdi: “Azyaşlı Əmanə İsgəndərlinin ona polis idarəsində təzyiq göstərilməsi ilə bağlı dediklərinin heç bir əsası yoxdur. Əvvəla, polis qanunları yaxşı bilir, heç kimə təzyiq olunmur. İkincisi, özünüz fikirləşin, azyaşlıya,- üstəlik o, qız uşağı ola,- kim təzyiq edər? Bu ittihamlar gülməlidir, absurddur. Əmanə İsgəndərli istintaq dövründə 20 dəfəyədək dindirilib. Maraqlıdır ki, hər dəfə də fərqli ifadələr verib”.
Sonda onu da bildirək ki, mərhum Füzuli İsgəndərov sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.
Mənbə:> Virtualaz.org