Bakı sakinlərini vahimədə saxlayan cinayətkar dəstə aşkarlandı
Bakı sakinlərini vahimədə saxlayan 3 nəfəri polis yaxalaya bilib.
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Təhlükəsiz Şəhər Xidməti və Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsi əməkdaşları tərəfindən keçirilib.
Birgə keçirilən əməliyyat-axtarış tədbiləri nəticəsində, Qızıldaş qəsəbə sakinləri - 1992-ci il təvəllüdllü İlkin Qabil oğlu Mustafayev, Qurban Yalçın oğlu Şəbiyev və 1989-cu il təvəllüdlü Aqil İbadət oğlu Qasımov tutulub.
Saxlanılan şəxslər aprelin 7-də Lökbatan qəsəbə sakini Araz Məmmədova məxsus qəsəbədə yerləşən mağazadan, qapının kilidini sındırmaqla tütün məmulatı, kassadan 300 manat oğurlayyıblar. Aprelin 23-də Lökbatan qəsəbəsi 28 May küçəsində quraşdırılmış “Milli ön” ödəmə terminalının qapısını sındırmaqla 625 manat, aprelin 16-na keçən gecə, Şanqar qəsəbə sakini Susanna Şərifovaya məxsus mağazadan, qapının asma qıfılını sındırmaqla içərisində 586 manat olan E-manat aparatını aparıblar.
Bundan başqa, aprelin 19-na keçən gecə Qobustan qəsəbə sakini Füzuli Sadıqova məxsus mağazadan, qapının qıfılını sındırmaqla tütün məmulatları, içkilər və 2 ədəd “Milli ön” aparatını sındırmaqla oğurluq ediblər.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar aprelin 2-də Elxan Bayramova, martın 26-da İsmayıl Ağayevə məxsus mağazalardan oxşar oğurluqlar ediblər. İ.Mustafayev və Q.Şəbiyev martın 9-da Bakı şəhər sakini İlqar Salmanova məxsus Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən mağazadan, qapını sındırmaqla tütün məmulatları və danışıq kartları, Q.Şəbiyev 15.03.2014-cü il tarixdə Asif Alışanova, 23.04.2014 və 01.05.2014-ci il tarixlərdə isə Əli Müzəffərov və Mənsur Şahməmmədova məxsus mağazalardan oğurluq edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> ANSPRESS