İrandan heroin gətirən dəstə üzvlərinə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən Şahlar Qasımov, Əhməd Əhmədov, Yaşar Qasımov, Süleyman Məhərrəmov və İran vətəndaşı Cavadi Rzanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər. Şahlar Qasımov əməlindən peşmançılıq çəkdiyini, lakin atası Yaşar Qasımovun sözügedən cinayət işində heç bir günahı olmadığını söyləyib. Ə. Əhmədov və İran vətəndaşı Cavadi Rza ittihamlarla razılaşmayıb,onları əsassız, şər və böhtan adlandırıblar.
Təqsirləndirilən Süleyman Məhərrəmov məhkəmədən ədalətli qərar gözlədiyini deyib: “12 imama yalvarana qədər bir Allahın ətəyindən yapışaq. Mən narkoman olmuşam deyə hər cinayət mənə yapışmalıdır? Bir səhv etmişəmsə, nə cinayət olsa, cəzasını mən çəkməliyəm? Burada olan digər şəxslərin əksəriyyəti ilə heç əlaqəm də yoxdur”.
Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, Şahlar Qasımov, Əhməd Əhmədov, Süleyman Məhərrəmov hər biri 11 il, Cavadi Rza isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmə Yaşar Qasımovun günahsız olması qənaətinə gəlib. Cinayət Prosesual Məcəlləsinin 39-cu və 43-cü maddələrinə əsasən, cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi, dövriyyəsi və satışı ilə məşğul olan transmilli cinayətkar şəbəkənin üzvləri ifşa edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, həyata keçirilən əməliyyat nəticəsində şəhər ərazisində narkotik vasitə satmaq istəyən Cəlilabad rayon sakinləri Şahlar Qasımov və Əhməd Əhmədov polislər tərəfindən saxlanılıb. Onların üzərilərinə və Ə.Əhmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobilə baxış keçirilən zaman 1 kiloqram 5 qram heroin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitəni iyulun 27-də dəstənin digər üzvləri-Yaşar Qasımov və Süleyman Məhərrəmovla birlikdə Yardımlı rayonu, Aruz kəndi ərazisində İran vətəndaşı Rza adlı şəxsdən satmaq məqsədilə aldıqlarını bildiriblər.
Əməliyyat tədbirlərinin davamı olaraq Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən dəstənin adıçəkilən üzvləri, o cümlədən İran vətəndaşı Cavadi Rza Əlirza oğlu da saxlanılaraq istintaqa təqdim ediliblər.
İstintaqın gedişi zamanı müəyyən edilib ki, saxlanılan Azərbaycan vətəndaşları qabaqcadan əlbir olan bir qrup şəxs halında Rza Cavadidən 3 kiloqram 590 qram heroin və 932 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki əldə ediblər. Saxlanılan şəxslərin Cəlilabad rayonunda gizlətdikləri narkotik vasitələrin qalan hissəsi də aşkar olunaraq götürülüb.
Mənbə:> Virtualaz.org