Azərbaycandan beş milyard manat çıxaran şəxs: Taksi sürücüsü idim
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Oxu.Az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən R.Vəliyev və M.Əliyev özlərini təqsirli bilməyiblər.
Sonra Rüfət Vəliyev sərbəst ifadə verərək, taksi sürücüsü kimi fəaliyyət göstərən zaman müştərisi olan Türkiyə vətəndaşı Əlican adlı müştəri ilə tanış olub.
Onun sözlərinə görə, sonradan bu şəxsin sürücüsü kimi 700 manat məbləğində məvaciblə razılaşaraq işləməyə başlayan. R.Vəliyev onu da deyib ki, Əlican iş adamı kimi “Karqo” işlədirdi və ona müəyyən məbləğdə pulları ayrı-ayrı bank hesablarına köçürməyi tapşırmışdı.
Hakim deyib ki, R.Vəliyev bir gündə bir banka nağd şəkildə altı milyon manat pul gətirib. Hakim bu pulların hansı şəkildə əldə edildiyini təqsirləndirilən şəxsdən soruşub.
R.Vəliyev deyib ki, bu pullar iş adamı kimi Əlicana məxsus olub və pulun mənbəyini bilməyib.
Hakim xatırladıb ki, pulların köçürülməsi Rüfət Vəliyevin adına, doqquz firmada rəsmiləşdirilib. Bu firmaların əvvəlki sahiblərinin kim olduğu sualına R.Vəliyev “adlarını xatırlamıram, tanışlarım idi”, - deyə cavab verib:
“Mən gedib ancaq sənədlərə qol çəkirdim. Başqa heç nə bilmirəm. Pulun hansı sənədə əsasən xaricə köçürüldüyünü bilmirəm. Ancaq Malik Əliyev pulları bank hesablarına köçürməyə kömək edirdi”.
Proses fevralın 13-də davam etdiriləcək.
İttihama görə, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb.
R.Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.
M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb.
Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardınca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb.
Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib, M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.
Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.
Həmin şəxslər bu qayda ilə ümumilikdə 5 milyard 500 milyon manat pulu leqallaşdırıb.
Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə:> Oxu.Az