Həbs olunan şəxs: Arif Qazıyev meydana çıxmadı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin məhkəmə prosesi davam etdirilib.
Oxu.Az xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə Ə.Əbdüləzizin vəkili türkiyəli iş adamı Durdu Yıldırımın məhkəmədə şahid qismində ifadə verməsi barədə vəsatət qaldırıb.
Zərərçəkmiş şəxsin vəkili İlhamə Həsənova isə verilmiş vəsatətin əsassız olduğunu və işin uzadılmasına xidmət etdiyini qeyd edib. Buna görə vəkil vəsatətin rədd edilməsini məhkəmədən xahiş edib.
Təqsirləndirilən şəxs Ə.Əbdüləziz isə D.Yıldırımın məhkəməyə çağırılmasının vacib olduğunu deyib:
“Bu pul guya həmin şəxsin olub, amma bunu sübut edəcək heç bir sənəd yoxdur. Bütün əsas şahidlər kənarda qalır. Arif Qazıyev meydana çıxmadı, Durdu Yıldırım tapılmır. Bunlar necə olur? Buna görə xahiş edirəm ki, Durdu Yıldırımın məhkəmədə ifadə verməsi təmin olunsun”.
Vəsatət hazırkı mərhələdə təmin edilməmiş saxlanılıb.
Hakim Rahib Salmanov qeyd edib ki, D. Yıldırımın cinayət işi materiallarında ərizəsi var ancaq bu ərizəni tərcümə etmək üçün tərcüməçi çağırılmalıdır.
Buna görə məhkəmə iclası yanvarın 21-dək təxirə salınıb.
İttihama görə, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tikinti işləri ilə məşğul olan tanışı, “ALFA LTD” şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.
Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd “TIR” tipli avtomaşını gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək, zərərçəkmişi növbəti dəfə aldadıb.
Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyevin də adı şahid qismində keçir.
Mənbə:> Oxu.Az