Rejissor Arif Qazıyev 325 min manatlıq dələduzluq işinə görə məhkəmədə dindiriləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin vəkili İlhamə Həsənova vəsatət qaldırıb.
O, əlavə şahidlərin - Ziyaddın Dadaşov, Cəlal Ömərov və Abbas Rüstəmovun məhkəmədə dindirilməsini və təqsirləndirilən şəxsin müvəkkili və şahid Ağasəf Quliyev arasında olmuş telefon danışıqlarının çıxarılmasını istəyib.
Məhkəmə vəsatətləri təmin edib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib. O, Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib.
Vəsatət təmin olunub. Növbəti proseslərdə A.Qazıyev məhkəmədə ifadə verəcək.
Prosesdə əlavə şahid qismində Abbas Rüstəmov ifadə verib. O bildirib ki, zərərçəkmiş İxtiyar Həsənovun xahişi ilə Ə.Əbdüləzizlə görüşə gedib: "Əziz müəllim görüşə gəldi. Sonra ən azı 20 dəqiqə maşında söhbət etdilər. Ümumilikdə, İxtiyarla Əziz müəllimin görüşünə üç dəfə getmişəm. Amma onlar mənim yanımda söhbət etmədilər. Mən kənarda gözləmişəm, onlar ikisi söhbət ediblər. İxtiyar mənə Əziz müəllimdən 300 min manat pul alacağını demişdi".
Təqsirləndirilən Ə.Əbdüləziz şahidin yalan danışdığını, ona böhtan atdığını söyləyib.
İ.Həsənov bildirib ki, əlavə şahid qismində məhkəməyə çağırılan Cəlal Ömərov gömrük əməkdaşıdır.
Qeyd edək ki, ittiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tikinti işləri ilə məşğul olan tanışı, ALFA LTD şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.
Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir.
Mənbə:> Report