İdmançının qətlində 19 yaşlı gənc və atası ittiham olunurlar
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan ata-oğul Əhəd və Ramil İsmayılovların cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Ə.İsmayılov ona elan olunan itiihamla özünü təqsirli bilməyib. Atasından fərqli olaraq, R.Əsədov isə özünü qismən təqsirli bildiyini və əməlindən peşman olduğunu deyib. O, ifadəsində hadisədən əvvəl klubda Rasif Həbibovla mübahisə etdiklərini bildirib. Mübahisəyə səbəb isə Ramilin “zaryadka”da olan telefonunu Rasifin çıxarması və öz telefonunu “zaryadka”ya qoyması olub: “İradımı bildirəndə başıma qapaz vurub məni söydü, sonra isə döydü. Uşaqlar ayırdılar. Mən də ağlayıb evə getdim. Atama Rasifin məni döydüyünü dedim”.
R.Əsədovun ifadəsinə görə, Rasiflə atasının və qardaşının münasibətləri əvvəllər yaxşı olub. Ata-bala birlikdə Rasiflə görüşüb söhbət etməyə gediblər. Həmin vaxt dostları ilə birgə çay evində olan Rasifə maşına minməyi təklif ediblər. Rasiflə birgə maşına sonuncunun dostu Samir də əyləşib: “Yolda atam Rasifdən məni nəyə görə döydüyünü soruşdu. Samir dedi ki, Ramil uşaqlıq edib. Hər dəfə atam sual verdikcə Samir özünü ortaya atırdı. Sonra atam maşını kənara çəkdi, yerə düşdük. Samir qəflətən məni yumruqla vurdu, Rasif isə atamı döyməyə başladı. Şokda idim. Maşından bıçaq götürdüm. Fikrim Rasifgili qorxutmaq idi. Hadisədən sonra bıçağı dənizə atdım”.
R.İsmayılov törətdiyi əməldən peşman olduğunu deyib.
Qeyd edək ki, ötən il Sumqayıt şəhərinin 21-ci məhəlləsində bir qrup gənc arasında kütləvi dava olub. Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Onu da qeyd edək ki, mərhum R.Həbibov idmançı olub.
Məhkəmə prosesi dekabrın 18-də davam edəcək.
Mənbə:> Virtualaz.org