Qonşusunun qətlində təqsirləndirilən şəxslərin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Mirələkbər Səttarovun (1963-cü il təv.) və Xətai Şirinovun (1990-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu.Az xəbər verir ki, ötən il noyabrın 19-da saat 22 radələrində, Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsində qətl baş verib. Belə ki, Nihad İsmayılov (1991-ci il təv.) aralarında olan narazılığı aydınlaşdırmaq məqsədi ilə ətrafına bir neçə tanışını yığıb qonşusu Mirələkbər Səttarovun evinə gəlib.
Küçəyə çıxan Səttarovla İsmayılov arasında əvvəl sözlü mübahisə yaranıb, qarşılıqlı təhqirlərdən sonra Mirələkbər bıçaqla Nihada bir neçə zərbə endirib. Sonuncu 3 saylı kliniki xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Daxil olan məlumatla əlaqədar hadisə yeri Sabunçu RPİ, 12-ci polis bölməsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub, müvafiq maddi sübutlar götürülüb. Həmin gecə cinayəti törətməkdə şübhəli bilinən şəxslər Mirələkbər Səttarov, həmçinin hadisədə iştirak edən Xətai Şirinov (1990-cı il təv.) saxlanılıblar.
Məhkəmə prosesində məhkəmə istintaqının başlanması elan edilib və dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər sərbəst ifadə veriblər və prokurorla vəkillərin suallarını cavablandırıblar. Mirələkbər Səttarov ittiham üzrə özünü qismən təqsirli hesab etsə də, Xətai Şirinov özünü günahkar bilməyib.
Məhkəmə prosesi davam edir.
Mənbə:> Oxu.Az