Azərbaycanlı idmançını güllələyib, yandırdılar - "Lotu Quli"nin adamı çıxdı
İyulun əvvəlində Ukraynada öldürülən azərbaycanlı Əsgərov Elbrus Salman oğlunun qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Məlumata görə, qətlə yetirilən şəxs azərbaycanlı "qanuni oğru” "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun klanına daxil olub.
1987-ci il təvəllüdlü Elbrus gənc yaşlarından peşəkar boksla və idmanın digər növləri ilə məşğul olub. O, MMA döyüş növü üzrə də bir sıra yarışlarda iştirak edib.
Onun məşqçisi və meneceri Donestkdə məşhur olan idman ustası Yuri Kiselev olub. Nadir Səlifovun adamlarından olan Elbrus "Lotu Quli” azadlığa çıxdıqda sonra onu Türkiyənin İstanbul şəhərində ziyarət edən şəxslər arasında yer alıb.
Elbrusun ölümünə gəlincə, Donetsk vilayətinin Mokiyevka şəhərində anadan olan Əsgərov, bu il iyunun 30-da evə gəlməyib və axtarışa verilib. Onun sürdüyü "Audi” markalı maşın Kiyev şəhərinin yaxınlığında, Obuxovskaya şossesinin 51-ci kilometrliyində, içində güllə deşikləri və qan ləkələri olan vəziyyətdə tapılıb.
Həmin vaxt maşının içi yandırılıb. Hadisədən 4 gün sonra isə Elbrus Əsgərovun meyiti Obuxovskaya şossesinin 41-ci kilometrliyindəki su kanalından tapılıb.
Məsələ burasındadır ki, ötən ay Kiyevdə yerləşən "Dolma” restoranının önündə Ağayev Davud Şahvələd oğlu güllələnib. Davudu güllələyən şəxs daha sonra maşına əyləşərək hadisə yerindən uzaqlaşıb. Elbrusun öldürülməsinin də məhz Davudun qisası ilə bağlı olduğu ehtimal edilir.
Qeyd edək ki, Elbrus Əsgərov yeni ailə həyatı qurmuşdu. "Edik”in ölümü ilə onun 5 aylıq qızı atasız qaldı.
Mənbə:> Yeniçağ.az