Xalq artistinin qardaşı oğlunu öldürən şəxs daha bir qətl törətdi
Ağsu rayonunda daha bir müəmmalı qətl hadisəsi törədilib.
AzNews.info-nun APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu şəhərinin Şakir Hacıyev küçəsindəki 6 saylı evdə baş verib. Həmin ünvanda kirayə yaşayan və Səməd Vurğun küçəsindəki 66 saylı mənzildə qeydiyyatda olan 1953-cü il təvəllüdlü Ələkbərov Ramiz Ələkbər oğlu özünə məxsus avtomobilin xarab olan mühərrikini düzəltdirmək bəhanəsi ilə motor ustası işləyən, şəhərin Azadlıq küçəsindəki 20 saylı ünvanda qeydiyyatda olan və Heydər Əliyev prospektindəki 16 saylı evdə yaşayan 1966-cı il təvəllüdlü Soltanov Sərxan Əsgər oğlunu kirayə yaşadığı evə dəvət edib. Ramiz Ələkbərov evinə çağırdığı Sərxan Soltanovu əvvəlcədən hazırladığı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.
Ağsu Rayon Polis Şöbəsindən o da bildirilib ki, Sərxan Soltanovu qətlə yetirən Ramiz Ələkbərov həmin ov tüfəngi ilə bu gün səhər saatlarında Ağsu aşırımındakı “Ata yurdu” restoranının qarşısında Xalq Artisti, tanınış aktyor Mikayıl Mirzənin qardaşı oğlu, sahibkar Mahir Mirzəyevi də öldürərək qaçıb. Məlumata görə, Ramiz Ələkbərov şəxsi maşını ilə Ağsu aşırımı ilə Şamaxı rayonunadək gedib, sonra avtomobilini Şamaxıda yolun kənarında saxlayaraq yoldan keçən başqa avtomobilə oturub və onunla Qobustan rayonu Mərəzə qəsəbəsinədək gedib. R.Ələkbərov orada həmin avtomobildən düşərək naməlum istiqamətə gedib.
Hazırda respublikanın hüquq-mühafizə oqranlarının əməkdaşları bir gündə iki nəfəri amansızlıqla qətlə yetirən Ramiz Ələkbərovun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Ramiz Ələkbərovun hər iki şəxsi bir gündə öldürməsinin dəqiq səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Mərhum Mahir Mirzəyevin əmisi oğlu Vüsal Mirzəyev bildirib ki, Ağsuda böyük hörməti olan, insanlarla xoş və mehriban davranışı ilə seçilərin, heç kimə pisliyi dəyməyən, xeyirxah əməlləri ilə rayon sakinlərinin xatirəsində yaxşı insan kimi qalan sahibkar və incəsənətlə məşğul olan Mahir Mirzəyevin düşməni olmadığını və onun ölümünə görə heç kimdən şübhələnmədiklərini deyir.
Onu incəsənət adamları çox gözəl tanıyırdı. Bu gözlənilməz bir hadisəyə görə bütün qohumlarım şoka düşdüyünü deyən Vüsal Mirzəyev hüquq-mühafizə orqanlarından onu öldürən şəxsin tezliklə tapılaraq layiqli cəza verilməyini istəyib. Qeyd edək ki, Mahir Mirzəyev 10 ilə yaxındır ki, Ağsu aşırımındakı “Ata yurdu” restoranı işlədirdi.
Mənbə:> APA