İŞİD-in "Ağ dul"u vuruldu – FOTO
Suriyanın Rəqqa şəhərinin yaxınlığında "Ağ dul" ləqəbli britaniyalı Salli Cons həlak olub. "İraq və Şam İslam Dövləti"nin (İŞİD) faktiki paytaxtı olan bu şəhərdə yaşayan 50 yaşlı S.Cons Avropa ölkələrində terror təşkilatının sıralarına yeni üzvlərin cəlb edilməsinə cavabdeh olan Cüneyd Hüseynin arvadı idi.
Milli.az bildirir ki, S.Cons və onun 12 yaşlı oğlu Coco Rəqqadan qaçmağa çalışanda ABŞ-ın "Predator" tipli pilotsuz uçan aparatından (PUA) buraxılmış raketlə vurulublar.
Rəsmi London "Ağ dul"un ölümünü təsdiqləyib.
Salli Cons əvvəllər musiqiçi olub və İŞİD-ə qoşulmazdan əvvəl Londonda "L'Oreal" şirkətində çalışıb.
İngiltərənin Kent qraflığındakı Çetem şəhərindən olan "Ağ dul", habelə "Umm Hüseyn Britaniya" kimi tanınan Salli Cons 2013-cü ildə Cüneyd Hüseynə qoşularaq Suriyaya yollanmış, İŞİD-ə qoşulmuşdu.
C.Hüseyn Avropada ən azı 12 terror aktının hazırlanmasında iştirak edib. 2015-ci ildə o, qətlə yetiriləndən sonra S.Cons ərinin qisasını alacağını bildirib, ilk britaniyalı "canlı bomba" olub.
"Ağ dul" Qərbdə bir sıra teraktları reallaşdırmağı planlaşdıran qrupa rəhbərlik etdiyini də demişdi.
S.Consun 12 yaşlı oğlu Coco isə İŞİD-in Rəqqada gerçəkləşdirdiyi bir neçə edamda iştirak edib.
Mənbə:> Milli.az