DİN-dən Nicat Muxtarovun sərbəst buraxılması xəbərinə REAKSİYA
Daxili İşlər Nazirliyi oğurluğa görə tutulan futbolçu Nicat Muxtarovun sərbəst buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.
AzNews.info xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Nicat Muxtarovun sərbəst buraxılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir:
“Nicat Muxtarov barəsində Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Hazırda Nicat Muxtarov istintaq tərəfindən dindirilir və sonra məhkəmə onun barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq. Nicat Muxtarovun polis İdarəsindən buraxılması barədə yayılan məlumatlar yalandır”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək, oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev saxlanılıblar. Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyənləşib.
Oğurluğa görə tutulan N. Muxtarov "Sumqayıt" futbol klubunun üzvüdür.
17:53
Bir neçə gün əvvəl Sumqayıt şəhərində kabel oğurluğuna görə polis tərəfindən həbs olunan “Sumqayıt” futbol klubunun üzvü Nicat Muxtarov sərbəst buraxılıb.
Oxu.Az-ın məlumatına görə, futbolçu zaminə buraxılıb. Hələlik onun həbsdən buraxılmasının detalları açıqlanmır.
Qeyd edək ki, futbolçunun oğurluq etməsinin də səbəbi bilinib.
U-21 millimizin sabiq üzvü Nicat Muxtarovun kabel oğurluğu ittihamı ilə həbs olunması hamını təəccübləndirib. Muxtarov ötən mövsümün 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq cəzalandırılıb və 3200 manat cərimə olunub. Ötən mövsümün son iki turunda, eləcə də, bu mövsüm "Sumqayıt”ın "Kəpəz” və "Qəbələ” ilə oyunlarında meydana çıxmayan Nicat cəzasını çəksə də, pul AFFA-ya ödənilməyib.
Oxu.Az xəbər verir ki, "Futbol+” qəzetinin araşdırmasına görə, "Sumqayıt”dan ona bildiriblər ki, cəriməni özü ödəməlidir və nə qədər ki pulu ödəməyib, PFL (Peşəkar Futbol Liqası) onun meydana çıxmasına icazə verməyəcək. Qəzetə məlumat verən mənbə iddia edib ki, futbolçu "Sumqayıt”la müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq istəyib, amma onu buraxmayıblar. 3200 manatı tez düzəltmək, meydana çıxmaq həvəsi ilə dost-tanışa ağız açan Nicat yekunda uşaqlıq dostlarının təklifi ilə oğurluğa əl atıb. Nəticədə isə özü dəmir barmaqlıqlar arasına düşüb.
Mənbə:> APA