Daha bir milyonluq terrorçu yaxalandı
Türkiyədə separatçı PKK terror təşkilatının lider heyətindən olan silahlılar təhlükləsizlik qüvvələri tərəfindən məhv edilib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, mayın 2-də Diyarbəkirin Lice rayonunda Türkiyə Silahlı Qüvvələri (TSK) 10-12 nəfərlik terrorçu qrupuna qarşı əməliyyat keçirib.
Əməliyyatdan sonra zərərsizləşdirilən terrorçulardan birinin kod adı “Azad Siser”, öz adı Əkrəm Güney olan, başına 4 milyon lirə (2 milyon 117 min AZN) mükafat qoyulan terrorçu olduğu bildirilib. Həmin qrupda zərərsizləşdirilən terrorçulardan biri isə “Çekar” kod adlı Əhməd Talva olub. Talvanın, 2014-cü ildə PYD/YPG qruplaşmasına dəstək vermək üçün Kobaniyə gedən terrorçuların lider heyətində olduğu bildirilir.
Məhv edilən daha bir terrorçunun isə PKK təşkilatının qadın qruplaşmasının məsul şəxsi Gülnaz Türk olduğu qeyd edilib.
Türkiyədə axtarışda olan milyonluq terrorçular
Bir müddət əvvəl Türkiyə Daxili İşlər Nazirliyi terrorçuların yerini deyilməsinə və onlar barədə təhlükəsizlik qüvvələrinin bilmədiyi hər hansı önəmli məlumatın verilməsinə görə küllü miqdarda pul mükafatı verəcəyini açıqlamışdı. Bu qərara əsasən PKK qruplaşmasının yüksək çinli idarəçilərinin tutulması qarşılığında 4 milyon TL (2 milyon 117 min AZN) pul mükafatı veriləcəyi bildirilirdi.
PKK-nın 50 nəfərlik rəhbər heyətində Cuma ləqəbli Cəmil Bayık, Cəmal ləqəblı Murad Karayılan, Dr. Bahoz ləqəbli Fəhman Hüseyn və digər qruplaşma rəhbərlərinin yeri və barələrində verilən məlumatlara görə 4 milyon liralıq mükafat təyin edilib.
Belə bir təcrübə təkcə Türkiyədə yox ABŞ, Çin, İngiltərə və digər ölkələrdə var. Terrorla mübarizədə ABŞ 30 il ərzində 80-dən artıq şəxsə 125 milyon dollardan çox mükafat verib. İngiltərə isə bu sahəyə 100 milyon dollar ayırıb.
Türkiyə hökümətinin belə bir addım atmasına səbəb isə son dövürlər ölkədə baş verən terror hadisələridir.
Mənbə:> ANSPRESS