Qubada 15 il əvvəl qətl törədən qayınata ilə gəlinin məhkəməsi başlayır
Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakinləri Həsrət Əliyev və Yeganə Ərəbovanın CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Oxu.Az xəbər verir ki, ötən ilin yayında daxil olan əməliyyat məlumatı əsasında Quba RPŞ-nin əməkdaşları Yeganə Ərəbovanı və onun qayınatası Həsrət Əliyevi həbs ediblər.
Aparılan araşdırma nəticəsində məlum olub ki, onlar 2001-ci ildə Elman Əliyevi bıçaqla qətlə yetiriblər və cinayətin izini itirmək məqsədi ilə yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar.
Daha sonra, kənddə Həsrət Əliyev məlumat yayıb ki, oğlu işləmək üçün Rusiyaya gedib. Bu illər ərzində onlar yaxınlarını və qonşularını aldadaraq, onun itkin düşdüyünü bildiriblər.
İstintaqın gedişatında mərhumun qalıqları göstərilən yerdən çıxarılaraq, müvafiq kriminalistik ekspertiza keçirilib. Dindirmə zamanı, tutulan şəxslər cinayəti ailə münaqişəsi zəminində törətdiklərini bildiriblər.
İş üzrə məhkəmənin hazırlıq iclası yanvarın 22-nə təyin edilib.
Mənbə:> Oxu.Az