Oğru: Əvvəlcə uşağın əl-qolunu bağladıq... – VİDEO
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Könül Şəmmədovaya məxsus mənzildən xeyli miqdarda qiymətli əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri - 31 yaşlı Ramil Haqverdiyev və 21 yaşlı Firdovsi Kərimov saxlanılıb.
AzNews.info Region Tv-yə istinadən xəbər verir ki, Sonradan istintaq yolu ilə müəyyən edilib ki, saxlanılan şəxslər tanışları - Şəmkir sakini 32 yaşlı Aydın Rüstəmov, Gədəbəy sakini 40 yaşlı Arzu Əliyev və hələlik adı istintaqa məlum olmayan şəxslə birlikdə Gədəbəy rayonunun Slavyanka kəndində quldurluq hadisəsi də törədiblər.
Zakir Rüstəmovun evinə gecə saatlarında daxil olan maskalı şəxslər Rüstəmovun gəlini və nəvəsinin əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayıblar. Sonra isə onları bıçaqla hədələyərək pul və qiymətli əşyaların yerini deməyi tələb ediblər. Bu üsulla evdən xeyli miqdarda nağd pul və qızıl-zinət əşyalarını götürən dəstə üzvləri daha sonra ərazidən uzaqlaşıblar.
Saxlanılan şəxslərdən biri Firdovsi Kərimov mağazadan corab, sonra isə aptekdən əlcək götürüb Gədəbəyə getdiklərini deyib:
“Sonra maşınla həmin ünvana çatdıq. 3 məhlə keçəndən sonra ot bağlmasının arxasında gizləndik”.
Digər saxlamılan Aydın Rüstəmov isə cinayəti bütün təfərrüatları ilə nəql edib:
“Məhlə qapısından içəri daxil olduq. Əvvəlcə uşağın əl-qolunu bağladıq. Sonra mən qaldım uşağın yanında, onlar böyüklər olan otağa getdilər. Sonra isə hər şeyi – pulu, qızılı götürüb çıxdıq. 3700 manat pul sayıldı gözümün qabağında, qızılın nə qədər olduğunu görmədim. Bir ədəd də qızıl saat gördüm. Başımızda maska, əlimizdə də əlcək”.
Cinayətkar dəstənin qızılları götürüb aradan çıxan üzvünün tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onların digər şəhər və rayonlarda da anoloji cinayət hadisələri törətdikləri istisna edilmir.
Mənbə:> Region TV