"Hədəfimiz 15 milyarddır" » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

"Hədəfimiz 15 milyarddır"

"Hədəfimiz 15 milyarddır"


Sentyabrın 3-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatla çıxış ediblər.

ANS PRESS prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatını təqdim edir:

"Bəli, mən də çox təşəkkür edirəm. Avqustun 28-də inauqurasiya mərasimindən dərhal sonra, növbəti həftədə Azərbaycana etdiyim bu səfər çərçivəsində hörmətli qardaşım İlham Əliyev ilə istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərimizdə iqtisadi, ticari, mədəniyyət, təhsil və xarici siyasətlə əlaqədar məsələləri geniş şəkildə dəyərləndirmə imkanımız oldu. Təbii ki, xarici siyasətdə qardaşlığımızın zirvəsi olan ən mühüm məsələ Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələni yenə də hər zaman olduğu kimi, gündəliyimizin ən mühüm maddəsi olaraq müzakirə etdik, dəyərləndirdik. Bu məsələ ilə bağlı bundan sonra atacağımız addımları yenə aramızda eyni şəkildə həm təkbətək, həm geniş tərkibdə keçirilən görüşlərdə müzakirə etdik.

Təbii ki, müzakirə etdiyimiz digər mühüm həssas məsələ enerji məsələsidir. Əlbəttə ki, enerji sahəsi ilə əlaqədar olaraq TANAP çox böyük əhəmiyyət kəsb edir. Türkiyədən Avropaya gedəcək bu enerji xətti xüsusilə çox böyük əhəmiyyətə malikdir. Bu, Azərbaycanın enerji sektorunda gücünü ortaya qoyması baxımından xüsusilə çox mühümdür. Bunu bir sülh xətti olması baxımından çox mühüm bir sərmayə olaraq görürəm. Bunun üçün də bu həmrəyliyimizin artıq son mərhələsinə gəldik. İnşallah, bu ayın 20-də təməlqoyma mərasimi keçiriləcəkdir. Yüksək səviyyəli rəsmilərin də iştirak edəcəyi təməlqoyma mərasimi ilə birlikdə bu addım atılacaqdır. İnşallah, qurğular da işə başlayacaq. Türkiyədə və Azərbaycanda görülməli işlərin böyük hissəsi tamamlanıb. Bununla bərabər, artıq proses sürətlənərək, inşallah, davam edəcək. Təbii ki, bu həmrəyliyimizin ardından müvafiq sektorlarda - həm inşaat, həm boru sənayesi sahələrində canlanma meydana gələcək.

Azərbaycanın xüsusilə son illərdəki dinamik inkişafı, Azərbaycandakı infrastrukturun inkişafı həqiqətən dünyanın da heyranlıqla izlədiyi bir prosesdir. Burada hörmətli qardaşımın və komandasının iradəsinin həqiqətən çox böyük rolu var. Mən də istər on bir illik Baş nazirliyim müddətində, istərsə də bundan sonra, həmin gündən bu günə Azərbaycanın haradan haraya gəldiyini görməkdən məmnunam. Çünki qardaş Azərbaycandakı bu inkişaf bizi də xüsusilə məmnun edir. Əminəm ki, qardaşların güc qazanması gələcəyə nikbin baxmağımıza da inamı artırır. Ticarət sahəsində atacağımız addımlarda da müəyyən etdiyimiz hədəflərimiz var. İnşallah, bu hədəflərə də çatacağıq. 15 milyard dollarlıq bir hədəfimiz var və inşallah, bu hədəfə də çatacağıq. Hər iki tərəfdə bu iradənin olduğunu görürük, bilirik. Bu məsələdə heç bir tərəddüdümüz yoxdur.

Təbii ki, indi buradan NATO zirvəsinə gedəcəyik. NATO zirvəsində də, xüsusilə bu zirvə ilə bağlı keçmişdən bu günədək keçirilən bütün tədbirlərdə Azərbaycana verilmiş sözlər vardır. Bu sözləri təbii ki, orada da diqqətə çatdıracağıq. Bir qədər əvvəl digər ölkələrə verilən sözlər necə yerinə yetirilirsə, Azərbaycana verilən sözlərin də yerinə yetirilməsini orada da əlaqədar ölkələrdən istəyəcəyik. Bu, artıq bir ianə və bir lütf deyil, bir haqdır. Bunların yerinə yetirilməsi lazımdır. Bu məsələdə də qətiyyətimizi xüsusilə ifadə edəcəyik.

Azərbaycan ilə əməkdaşlıq edəcəyimiz bir çox sahələr vardır. Təbii ki, bu sahələrin sayı çoxdur. Bu məsələləri təkbətək və geniş tərkibdə görüşlərimizdə müzakirə etdik. Arzu edirəm ki, bu qardaşlığımız güclənərək həmrəylik içərisində gələcəyə doğru irəliləsin. Biz bunu bilirik- bir millət, iki dövlət. Bu, təbii ki, Ulu Öndərimizin bu günə bir mirasıdır. Bunun da eyni şəkildə davam etməsi lazımdır. Qoy bu birliyimiz bundan sonra da eyni qətiyyətlə davam etsin. Təşəkkür edirəm".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *