İtkin düşmüş gürcülərin meyitləri Azərbaycanda tapıla bilər
Gürcü xilasedicilər bu gün Kür çayında iyunun 14-də Tbilisidə baş vermiş dağıdıcı daşqın nəticəsində itkin düşmüş üç vətəndaşın axtarışlarına başlayıblar.
Bu barədə AzNews.info “İnterfaks”a istinadla xəbər verir.
“Biz itkin düşmüş vətəndaşların meyitlərini tapa bilməmişik, buna görə də onların meyitlərinin Kür çayının yuyub apardığı istisna edilmir.
Biz onların axtarışlarını Kür çayının yalnız Tbilisi hissəsində deyil, onun Azərbaycan sərhədinə qədər bütün uzunluğunda aparacağıq”, - Gürcüstan DİN-nin fövqəladə hallar üzrə departamentinin direktoru Zviad Katsaşvili jurnalistlərə deyib.
Onun sözlərinə görə, azərbaycanlı həmkarlar bu axtarışlar barədə məlumatlandırılıb və itkin düşmüş vətəndaşların meyitlərinin Azərbaycan ərazisində aşkar olunacağı halda oradan operativ məlumat daxil olacaq.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Tbilisidə güclü daşqın nəticəsində 19 nəfər ölüb, üç nəfər itkin düşmüş hesab edilir.
Mənbə:> Oxu.Az