İŞİD lideri vida çıxışını edib: Məğlub olduq
İŞİD terror təşkilatı yarandığı gündən bu yana ilk dəfə məğlubiyyəti qəbul edib.
Aznews.info publika.az-a istinadən xəbər verir ki, bu haqda İraqın Ninova vilayətindəki mənbələrinə istinadən “Al-Sumaria” kanalı bildirib.
Məlumata görə, İŞİD lideri Əbubəkr əl-Bağdadi son itkilərdən sonra təşkilatın hələ də güclü olduğu bölgələrdəki üzvlərinə audioyazı göndərərək məğlubiyyəti qəbul etdiklərini açıqlayıb.
“Fərat Qalxanı” əməliyyatına qədər İraq və Suriyada istədiyi kimi hərəkət edən, ilk böyük məğlubiyyətinin əvvəl Cerablusda, ardınca “Qiyamət döyüşü baş verəcək” dediyi Dabıkda, nəhayət Əl-Babda reallaşması İŞİD-in döyüş ruhunu sındırıb. Təşkilat əlində qalan Rakka və Mosuldan da geri çəkilməyə qərar verib.
İddiaya görə, Bağdadi Mosuldakı itkilərdən sonra verdiyi təlimatında İŞİD üzvlərindən dağlara çəkilmələrini istəyib. Mənbələr qeyd edir ki, əsas məqsəd daha böyük itkilər verməmək və gücləri yenidən qruplaşdıraraq döyüşə davam etməkdir.
Mənbə:> Publika.az