Nazir: “Reina” klubuna silahlı hücum edən şəxsin kimliyi məlumdur
Türkiyənin İstanbul şəhərində məşhur “Reina” gecə klubuna silahlı hücumu törədən şəxsin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyində keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Türkiyənin digər müvafiq strukturları terror hücumunun təşkilatçılarının həbs edilməsi üzrə tədbirlər həyata keçirir.
Bununla yanaşı, nazir terrorçunun adını deməyib.
“Həmin şəxsin yaşadığı evə baxış keçirilib. Hazırda onun bu terroru törətmək üçün kimlərdən kömək alması, arxasında kimlərin olması ilə bağlı araşdırmalar davam etdirilir”, - Çavuşoğlu qeyd edib.
Türkiyənin xarici işlər naziri ölkəsinin istər İŞİD, istər PKK, istərsə də FETÖ kimi terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcəyini bildirib.
Mənbə:> Oxu.az