Klublarımız dilimizi necə təbliğ edir? » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Klublarımız dilimizi necə təbliğ edir?

Klublarımız dilimizi necə təbliğ edir?


Hələ orta məktəbdən dilin ünsiyyət vasitəsi olduğunu öyrənib ana dilimizi qorumaq üçün nələr etməli olduğumuzu düşünmüşük. Amma bəzən elə hallarla rastlaşırıq ki, bunu Azərbaycan dilinə qarşı hörmətsizlik kimi də dəyərləndirmək olar.

Elə futbol təsərrüfatımızda da bu kimi hallara rast gəlirik. Ölkəmizə gələn bütün əcnəbilərlə az qala onların öz dilində danışmağa çalışır, onlardan isə azərbaycancanı öyrənməyi tələb etmirik. Daha bir utandırıcı olay yaxın qonşular olan Rusiya və Türkiyə təmsilçiləri ilə bağlıdı. Belə ki, mətbuat konfranslarında bəzən onların öz dillərində danışmağa məcbur oluruq.

Son belə olaylardan biri son turun “Xəzər Lənkəran” – “Araz Naxçıvan” matçından sonra yaşandı. Meydan sahiblərinin türkiyəli baş məşqçisi Oğuz Çətin üçün əməkdaşımızın sualları tərcümə edilsə də, o, fikirlərini çatdırdıqdan sonra çalışdırıcının fikirləri bizim üçün çüvirilmədi. Düzdü, biz Çətinin nə dediyini anladıq, amma o da əməkdaşımızın nəyi soruşduğunu bilməliydi. Qardaşıqsa, eyni dildə danışırıqsa, ünsiyyətə münasibətimiz də fərqli olmamalıydı. Bu səbəbdən Oğuz bəy də bizi başa düşməyə borcludu, yox, bunu etmirsə, o zaman klubun nümayəndələri zəhmət çəkib onun dediklərini də tərcümə etsin.

Ümumiyyətlə, bizim üçün maraqlıdı...
1. Klublarda olan əcnəbilərlə Azərbaycan dilinin təbliği ilə bağlı işlər görülürmü?
2. Futbolçu və məşqçilər arasında azərbaycan dilini az-çox bilən və ya öyrənməyə həvəsi olanlar varmı?
3. Ümumiyyətlə, “çoxmillətli” klublarımız neçə tərcüməçinin xidmətinə ehtiyac duyur?

Bu sualları klubların mətbuat xidmətlərinin rəhbərlərinə ünvünladıq.

Nurlan İbrahimov (Qarabağ):
1. Bizim bütün futbolçularımız azdan-çoxdan azərbaycanca bilir. Salamlaşıb, azərbaycanca kef-əhval tuturlar. Admir Teli və Ansi Aqolli demək olar ki, bizim dildə danışılanları başa düşür.
2. Maraqlı olanı təbii ki, dəstəkləyirik, demək olar, hamısı bizim dildə nələrisə bilir.
3. Komandanın yanında bir tərcüməçimiz var, o da 6-7 dil bilir (?!).

Hüseyn Cəbrayıloğlu (Xəzər Lənkəran):
1. Hər hansı iş görmək üçün ehtiyac yoxdur. Çünki istəyi olan legioner dilimizi öyrənməyə özü cəhd edir. Bunun üçün öhdəlik və ya müqavilə şərti olmadığı üçün kimisə məcbur etmək olmaz. Bu mövsüm cəlb olunan legionerlər xaric, bundan öncə heyətdə olanlar azərbaycan dilində kifayət qədər söz bilir.
2. Klubun həkimi çox cəhd edir. İndiki türkiyəli məşqçi heyəti mədəniyyətimiz, tariximizlə çox maraqlanırlar, əcnəbi futbolçular da, həmçinin. Yəni, demək olar, hər kəs nə isə öyrənməyə çalışır. İstər mən, istər klubumuzun tərcüməçisi, istərsə də digər əməkdaşçılarımız bu işdə onlara yardımçı olur.
3. Klubumuzda uzun müddətdir çalışan bir tərcüməçimiz var, 6 dil bilir.

Rüstəm Allahverdiyev (Simurq):

1. Hansısa konkret bir işin görüldüyünü desəm, yalan olar. Ancaq aralarında bəziləri var ki, dili öyrənmək üçün özləri cəhd edirlər. Məsələn, İdan Vaytsmanı deyə bilərəm. Ukraynada böyüyüb, boya-başa çatan Rəşad Eyyubov əgər əvvəllər azərbaycanca danışa bilmirdisə, artıq rahat danışır, hər şeyi aydın başa düşür.
2. Baş məşqçi azərbaycanca az da olsa, bəzi sözləri bilir. Hətta arada bizim dildə cümlələr də qurur. Belə hamısı həvəs göstərir. Salamlaşma, kef-əhval soruşmağı bilirlər.
3. Klubda tərcüməçi yoxdur. Məşqçi ingilis və rus dilində bildiyindən buna ehtiyac da duyulmayıb. Nəsə problem olanda özümüz də kömək edirik.

Səbuhi Məmmədov (İnter):
1. Əcnəbi futbolçu ilə ünsiyyət rus və ya ingilis dilində aparılır. Məşqçi Kaxaber Tsxadadze dilimizi orta səviyyədə anlayır. Georgi Lomaya da salam-sağ ol səviyyəsində bilir. Klub prezidenti Georgi Nikolov demək olar ki, dilimizi anlayır, amma danışa bilmir.
2. Təbliğat aparılması məsələsinə gəlincə, onu deyə bilərəm ki, futbolçular maraq göstərmir.
3. Klubda tərcüməçi yoxdur. Rus və ingilis dilində ünsiyyət qura bilirik.

Ceyhun Məmmədov (Araz Naxçıvan):
1. Hər hansı bir təbliğat işi aparılmır. Sadəcə, bizim komandada heç kim rus və ya başqa bir dildə danışmır (təbii ki bilirlər, lakin danışmırlar). Əcnəbilər də məcbur olub dilimizi öyrənir. Məncə, ən gözəl təbliğat da bu olardı ki, klubda yalnız Azərbaycan dilində danışılsın.
2. Bizdə David Janelidze demək olar ki, çox şeyi başa düşür və o, özü həvəslidir ki, Azərbaycan dilində danışsın. Zubkov Ruslan isə yalnız bizim dildə sayır və saatları deyir.
3. Klubda tərcüməçi yoxdu.

Rəşad Məmmədov (Sumqayıt):
“Sumqayit FK azərbaycanlı və azərbaycan əsilli futbolçulardan qurulub. Dil baxımından bizdə hazırda problem yoxdu. Tərcuməçimiz də yoxdu.

Anar Hacıyev (Qəbələ):
1. Komandada adminstrativ heyət futbolçularla, əsasən, Azərbaycan dilində danışır. Bir müddətdi Qəbələdə top qovan Dodo, Mendi Viktor kimi futbolçular artıq dilimizdə normal ünsiyyət qura bilirlər. Həm legionerlərin özləri də yerli əhali ilə normal ünsiyyət qurmaq üçün dilimizi öyrənməyə meyl göstərirlər. Bu işdə həm komandanın tərcüməçisi, həm də digər inzibati heyət futbolçulara yardımçı olur.
2. Legionerlərimizin çox hissəsi qisa müddətdir ki, komandaya qoşulub. Buna baxmayaraq, onlar ünsiyyət zamanı artıq bir çox Azərbaycan sözündən istifadə edirlər. Məşqçilərimiz də dilimizi öyrənməyə meyllidirlər. Onlar məşqlər və oyun zamanı yerli futbolçularımıza Azərbaycan dilində təlimat verirlər. Qeyd etdiyim kimi uzun müddətdir ölkəmizdə top qovan Dodo, Mendi kimi futbolçular dilimizdə ünsiyyət qura bilirlər. Məşqçilərimizdən Andrey Martin dilimizi öyrənməyə çox həvəslidir. O bir il ərzində dilimizdə sərbəst danışacagını deyir.
3. Klubumuzda əsas heyət, əvəzedici komanda və akademiyada olmaqla 3 tərcüməçi var. Onlar rus, ingilis və ispan dillərində sərbəst danışırlar.

İsgəndər İsgəndərov (Bakı):
1. Bizim klubda hazırda 4 legioner var.
2. Onlar azdan-çoxdan dilimizi bilirlər, əsasən, komanda yoldaşlarının köməyi ilə öyrənirlər.
3. Komandamızın 1 tərcüməçisi var. O, rus, inglis, ispan, portuqal və italyan dillərini bilir.

Gündüz Abbaszadə (Neftçi):
1. Klubumuzda olan əcnəbilərə nəinki Azərbaycan dili, hətta ölkəmizə aid nə varsa hamısı haqqında məlumat verilir. İtaliya, İspaniya, İngiltərədə əcnəbi futbolçu qarşısında tələb qoyulur və müqavilədə bu, öz əksini tapır. Yəni, yeni transfer olunan futbolçu əgər dili bilmirsə, 1 il ərzində öyrənməyə borcludur. Yaxşı olardı ki, bizdə də bu qayda tətbiq olunardı. Demirəm adını çəkdiyim ölkələrdəki kimi sərt formada olsun. Bizim klubda çıxış edən legionerlər arasında Denis Silva və Flavinyo Azərbaycan dilini hamıdan yaxşı bilir. Denis Silva demək olar ki, tam başa düşür. Amma danışmaqda bəzən çətinliklər yaşayır. Flavinyo da onun kimi. Digər oyunçular isə gündəlik işlənən vacib sözləri bilirlər.
2. Kanales Nikolas isə oxumağa çox həvəslidir. Azərbaycan dilini öyrənməyə ən çox cəhd edəni odur.
3. Klubda 2 tərcüməçimiz var. Onlardan biri sırf komanda ilə işləyir. Komanda ilə işləyən tərcüməçimiz rus dili ilə yanaşı ispan, portuqal və ingilis dillərini bilir. Digər tərcüməçimiz isə ingilis dilini mükəmməl bilir.

Sevinc Xanqızı

Mənbə: Futbolinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *