DÇ-2018: Xorvatiya qalib gəldi və qrup lideri oldu – VİDEO
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının D qrupunda növbəti oyun olub.
Virtualaz.org bildirir ki, Xorvatiya və Nigeriya milliləri qarşılaşıblar. "Kalininqrad Arena"da keçirilən oyunda hesab 32-ci dəqiqədə açılıb. Nigeriya millisinin üzvü Oqenekaro Etebo avtoqolla yadda qalıb. Matçın birinci hissəsi Xorvatiya yığmasının minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.
İkinci hissənin 70-ci dəqiqəsində Uilyam Ekonqun kobud oyununa görə, Nigeriya millisinin qapısına penalti təyin olunub. Cərimə zərbəsini dəqiq yerinə yetirən Luka Modriç hesab arasındakı fərqi artırıb. Bu qol dünya çempionatları tarixində 2400-cü qol olub.
Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, Xorvatiya millisi vacib 3 xalı 2:0 hesablı qələbə ilə əldə edib.
Xatırladaq ki, “D” qrupu çərçivəsində keçirilən Argentina-İslandiya qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.
Beləliklə, ilk turdan sonra Xorvatiya 3 xalla qrupa başçılıq edir. Argentina və İslandiya yığmalarının hesabında 1 xal var. Nigeriya isə 0 xalla sonuncudur.
Mənbə:> Virtualaz.org