Prosineçki: Rəqibdən qorxmuruq
Artıq 10 gündü bir yerdəyik. Yavaş-yavaş bütün futbolçular milliyə qoşuldular.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
Millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yer aldığı H qrupunda sabah Xorvatiya yığmasını qəbul edəcək.
Prosineçki görüş öncəsi təşkil edilən mətbuat konfransında sözlərinə bu cür davam edib:
“Bilirik ki, bizi çətin oyun gözləyir. Biz hazırıq. Komandamın məşq prosesindən razı qalmışam. Sabahkı matçda yaxşı nəticə göstərməyə hazırıq. Rəqibdən qorxmuruq”.
Baş məşqçi Xorvatiyada qeydə alınan məğlubiyyətdən də söz açıb:
“Osiyekdə oynayan başqa komanda idi. Komanda indi özünə inamı qaytarıb. Bunu Maltaya qarşı ev və Norveçə qarşı səfər oyununda sübut etmişik. Sabah çox vacib oyun olacaq. Düzdür, rəqib futbolçular güclü çempionatlarda oynayır. Ancaq mənim oyunçularım rəqibdən qorxmur”.
Xorvatiyalı mütəxəssis millinin start heyətini də açıqlayıb:
“Millinin heyətində Əfranla bağlı balaca bir problem var və qərarı bugünkü məşqdən sonra verəcəyəm. Onun yüngül əzələ problemi vardı. Ümid edirik ki, qorxulu bir şey yoxdur. Bu gün səhər həkim və fizioterapevtlər onu yoxlayıb və yaxşı olduğunu deyib. Qərarı bugünkü məşqdən sonra, ən geci sabah səhər Əfranla söhbət edib, vəziyyətini öyrənəcəyəm. Kamran, Məhəmməd, Bədavi, Arif, Rəşad, Qara, Rahid, Dmitri, Ruslan olacaq. Mən burada oluram və hər bir oyunları izləyirəm. Məhəmməd Mirzəbəyov daim oynamır, ancaq sürətli və aqressiv oyunçudur. Onun qarşısında Beyç oynayacaq. Fikrimcə bu düzgün seçimdir”.
Qeyd edək ki, “Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya görüşü sabah saat 21:00-da start götürəcək.
Mənbə:> Oxu.Az