Azərbaycan Çempionlar Liqasından imtina etdi
Azərbaycanda yeni istifadəyə verilmiş Bakı Olimpiya Stadionu 2017-ci ilin futbol üzrə UEFA Çempionlar Liqasının finalının keçirilməsinə namizədliyini irəli sürməyəcək.
Bunu Rusiyanın TASS agentliyinə müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İcraiyyə Komitəsinin iyunun 29-30-da Praqada keçiriləcək iclasında 2017-ci ildə Çempionlar Liqasının və Avropa Liqasının keçiriləcəyi yerlər təsdiq olunacaq.
"Belə stadionumuz olduğuna görə biz gələcəkdə Çempionlar Liqasının və ya Avropa Liqasının finalının keçirilməsinə iddia edə bilərik. Amma bunu zaman göstərəcək. Nəzə almaq lazımdır ki, Bakı yaxın illərdə aşağıdakı tədbirlərə ev sahibliyi etməyi planlaşdırır: Gənclər arasında Avro-2016 futbol çempionatı, "Formula-1", olimpiada, İslamiada... Biz avrokubokların finalı barədə də düşünürük, amma bütün bunlar yalnız bizim ideyalarımızdır və yazılı təsdiqi yoxdur"- deyə Məmmədov vurğulayıb.
AFFA baş katibinin sözlərinə görə, ölkənin futbol rəhbərliyinin 2017-ci il Avropa kuboklarından hansısa birinin Bakıda keçirilməsi ilə bağlı planı yoxdur, çünki keçiriləcək tədbirlərin sayı çoxdur.
"Həmin il üçün İslam Həmrəylik Oyunları planlaşdırılıb, bundan əlavə "Formula-1" mərhələsi planlaşdırılıb. Buna görə də istəmirik ki, bu tədbirlər bir-birinə mane olsun. Futbol finalının keçirilməsi çox səy tələb edən nəhəng hadisədir"- deyə Elxan Məmmədov bildirib.
Mənbə:> Virtualaz.org