Rəsul Çunayev: İlk olaraq qələbəmi anamla qeyd edirəm – MÜSAHİBƏ+FOTO
Oxu.Az-ın yunan-roma güləşi üzrə Avropa çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qızl mükafatçısı Rəsul Çunayev ilə müsahibəsi:
- Bakı 2015 artıq brenddir! Və sən çempion oldun! Hazırlıq mərhələsi, məşqlər, psixoloji hazırlıq necə keçdi?
- Bəli, Bakı 2015 artıq brenddir. Artıq bir müddətdir güclü məşqlər edirdik. Komanda olaraq, texniki baxımdan pxisoloji olaraq hazır idim .İnanırdım ki, qalib olacam.
Formada idim, özümə güvənirdim, şükür ki, əziyyətim yerdə qalmadı.
Yarışa bir neçə gün qalmış xəstə, halsız idim. Qızdırmalı halda yarışa çıxdım. Düzü, bir az çəkinirdim ki, birdən halsızlığım yarışıma təsir edər, amma özümü toplaya bildim.
- Dörd görüş keçirdin və qalib oldun. Bu dörd görüşdə hansı daha çətin oldu sənin üçün?
- Birinci moldovalı ilə görüşdüm. 2-ci xorvatiyalı, 3-cü Bolqarıstan təmsilçisi, dördüncü isə macar idmançı ilə görüşdüm. Birinci görüşüm çətin oldu - ilk görüş idi, bir az da həyəcan vardı.İkinci görüşümdə 4-0 hesabi ilə qalib oldum. Rəqibim Xorvatiya idmançısı idi, biz onunla beş dəfə qarşılaşmışıq, 4 dəfə udmuşam bir dəfə uduzmuşam.
Digəri isə bolqar idmançı idi. Onunla da görüşümüz olub, 10-0 hesabı ilə qalib oldum, bu döyüş rahat keçdi demək olar ki.Və əsas o oldu ki, finala vəsiqə qazandım. Finalı da uğurla başa vurdum.
- Qızıl medal qazanacağına inanırdın?
- Təbii, özümə inanırdım ki, qızılı qazanacam. Nə qədər medalımız olsa, bir o qədər başımız ucadır. Azərbaycan adına fəxrdir. Mən fəxr edirəm ki, azərbaycanlıyam, mən fəxr edirəm ki, məhz qədim idman növü olan güləşlə məşğulam.
Layiqlı olan qazansın, əziyyəti olan qazansın. İlk Avropa oyunlarının qalibi adını qazandım və xoşbəxtəm.
- İlk olaraq qələbə xəbərini kimlə bölüşmək istədin?
- Anamla. Mən hər zaman ilk olaraq qələbəmi anamla qeyd edirəm. Finaldan sonra anama zəng vurdum. Telefonu məşğul idi, təbriklərə görə telefonuna düşə bilmirdim.
Dünən bir daha anladım ki, alqış, insanların sevgisi, inamı çox önəmlidir. Hər birinə təşəkkür edirəm ki, yarış günü biz tək qoymadılar. Mən bizə göstərdikləri diqqətə görə Güləş Federasiyasının rəsmilərinə təşəkkür edirəm.
Və ən əsası, Cənab Prezidentin hər zamankı diqqət və qayğısı bizim üçün sevindirici haldır.
Mənbə:> Oxu.Az