"Monte Karlo"da Azərbaycandan bəhs edildi
Əsası 1950-ci ildə qoyulan, fransız, alman, ingilis, italyan, rus, ərəb və gürcü dillərində Fransa, İtaliya, Monako, İsveçrə, Rusiya, Gürcüstan və Yaxın Şərq ölkələrində yayımlanan "Radio Monte Karlo" radio stansiyasının fransız versiyasında Azərbaycanda idmanın inkişafından bəhs edən “Azərbaycanın idman diplomatiyası” sərlövhəli veriliş səsləndirilib.
Azərbaycanın Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistanla həmsərhəd olduğunu, Şərqlə Qərbin qovşağında yerləşdiyini xatırladan verilişdə ölkəmizin yeraltı sərvətlərlə zənginliyi, sürətli iqtisadi inkişafı, bir çox beynəlxalq tədbirlərə, xüsusilə idman sahəsində yaddaqalan möhtəşəm yarışlara ev sahibliyi etməsi, son illər apardığı idman diplomatiyası sayəsində böyük uğurlar qazanması diqqətə çatdırılıb. Ölkənin sürətli iqtisadi inkişafının bir çox beynəlxalq idman yarışlarının keçirilməsinə şərait yaratdığı vurğulanıb, Azərbaycanda gimnastika, şahmat, karate, cüdo və digər idman növləri üzrə Avropa çempionatlarının təşkil olunduğu qeyd edilib, qarşıdakı illərdə keçiriləcək möhtəşəm yarışlar barədə məlumat verilib.
Verilişdə dünya idman tarixində mühüm hadisə olacaq ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkə rəhbərliyinin idman diplomatiyası sahəsindəki növbəti uğuru kimi dəyərləndirilib. İdmanın inkişafına dövlət qayğısından bəhs olunub, Azərbaycanı dünyada tanıtdırmaq məqsədilə ölkəmizin apardığı idman diplomatiyasının uğurlarından danışılıb, tanınmış bir çox futbol klubları oyunçularının Azərbaycan sözü yazılan futbolkalarda çıxış etmələri bu diplomatiyanı şərtləndirən amillərdən biri kimi qeyd edilib.
Mənbə:> AzərTAc