Güləşçimiz erməni dünya çempionuna qalib gəlib, finala çıxdı
Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri davam edir.
Oxu.Az xəbər verir ki, üçüncü yarış günündə 86, 97, 125 kq-da sərbəst, 82, 97 və 130 kq-da yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
82 kq-da çıxış edən yunan-Roma güləşçilərimizin hər ikisi yarımfinala yüksəlib.
Bu mərhələdə Elvin Mürsəliyev uduzsa da, Rafiq Hüseynov Ermənistanın dünya və Avropa çempionu Maksim Manukyana tam üstünlüklə – 9:1 hesabıyla qalib gələrək, finala vəsiqə qazanıb.
Orxan Nuriyev (-97 kq) də yarımfinalda dünya çempionu ilə qarşılaşıb. Gənc güləşçimiz fransalı Melonen Numonvini məğlub edərək finala yüksəlib.
Yeni gürcü legionerimiz Beka Kandelaki (-130 kq) öz meydanında Elvin kimi bürünc medal uğrunda mübarizə aparacaq.
Sərbəst güləşçilərimizdən isə Hacımurad Məhəmmədsəidov (-86 kq) finala adını yazdırıb.
Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək.
Mənbə:> Oxu.Az