Azad Rəhimov: Azərbaycan xokkey matçlarına ev sahibliyi etmək istərdi
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakı klubunun Kontinental Xokkey Liqasına qatılması perspektivləri barədə danışıb.
Bu barədə Matç! yazıb.
“Buz üzərində idman növləri ilə bağlı nə varsa, bizim üçün perspektivli hesab olunur. Məsələn, məni şort-trek çox maraqlandırır. Mən çoxdandır ki, xokkeyi sevirəm, məktəbdə oxuyanda Pospişilə, Espozitoya baxırdım. Düzdür, indi daha az baxıram”, - deyə, nazir bildirib.
“Təbii ki, bu istiqamətdə hərəkət etməyə başlayarsaq, böyük buz sarayı inşa olunarsa, Bakıda KXL-in matlarını keçirmək də bizim üçün çox maraqlı olardı - Avropa Liqası finalı, yaxud başqa ölkələrin Superkubokları kimi. Nə üçün? Ona görə ki, bu, başqaları ilə olduğu kimi, həmin idman növünün ölkəmizdə inkişafı üçün böyük təkan verərdi. Nəhayət, bizə möhkəm milli yığmanı yaratmaq lazımdır. Biz özümüzü idman ölkəsi kimi təqdim edirik, buna görə, bizə maraqlı olmayan idman növü yoxdur. Xokkey isə həqiqətən də gəncləri futboldan az cəlb etmir”, - deyə, A. Rəhimov qeyd edib.
“Mən düşünürəm ki, Azərbaycanda KXL klubu yaratmaq – bu, çox maraqlıdır. Yaxud KXL-in hər hansı final matçını keçirmək”, - deyə, o qeyd edib.
Mənbə:> Oxu.Az