“Neftçi”nin futbolçusu: Xorvatiya Azərbaycana 2:0 qalib gələcək
Azərbaycanda Xorvatiyaya çox hörmət edirlər. Bunun da səbəbi Robert Prosineçkidir. O burdakı yaxşı işi ilə bütün qapıları açdı.
Bu sözləri “Neftçi”nin xorvatiyalı futbolçusu Qoran Paratski öz ölkəsinin mətbuatına deyib. Nikola Yurçeviçin milli komandamıza baş məşqçi təyin olunmasına münasibət bildirən təcrübəli yarımmüdafiəçi bunu yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçki ilə əlaqələndirib:
“Hamı Prosineçki haqda müsbət fikirlər səsləndirir və deyir ki, milli komanda onun rəhbərliyi altında daha yaxşı oynayırdı. Yığmanı yenidən xorvatiyalı məşqçiyə tapşırmalarının əsas səbəblərindən biri də budur.
Azərbaycan millisində ən təhükəli futbolçu “Neftçi”dəki komanda yoldaşım olan hücumçu Mirabdulla Abbasovdur. Hazırkı komandamın kapitanı Ruslan Abışov isə ən təcrübəli müdafiəçidir. Amma zədə səbəbindən o uzun müddətdir oynamır.
Bu axşam keçiriləcək Xorvatiya – Azərbaycan oyununa proqnoz verən 32 yaşlı yarımmüdafiəçi ölkəmizdəki həyatından da danışıb:
“Xorvatların 2:0 hesabıyla qalib gələcəyini düşünürəm. Bakı hər şeyin olduğu gözəl şəhərdir. Buranı çox sevirəm. Amma Premyer Liqanın səviyyəsi, rəqabət Xorvatiya çempionatı ilə müqayisədə zəifdir”.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Mənbə:> Oxu.Az