Millimizin kapitanı: Anar Süleymanovun heç ölkə çempionluğu yoxdur
Son vaxtlar bəzi idmançılarımız mətbuatda dünya çempionu kimi təqdim olunur.
Oxu.Az xəbər verir ki, xüsusən bu hala qeyri-olimpiya idman növlərində daha çox rast gəlinir.
Cəmi bir döyüşçü ilə görüşüb belinə kəmər taxan hər idmançı özünü dünya çempionu kimi təqdim edir. Mətbuatda isə araşdırılmadan həmin insanlar dünya çempionu kimi qələmə verilir.
Son belə nümunə həyat yoldaşını döydüyü üçün həbs olunan qadın kikboksinq millimizin baş məşqçisi Anar Süleymanovla bağlıdır. Az qala hər saytda o, kikboksinq üzrə dünya çempionu kimi təqdim edilir. Məsələ ilə bağlı kikboksinq üzrə millimizin kapitanı Ramal Aslanova müraciət etdik:
“Anar Süleymanov kikboksda dünya çempionu olmayıb. O, budo üzrə dünya çempionu olub. Onun heç kikboksda respublika çempionluğu yoxdur. Bir döyüşə çıxıb, onu da ilk döyüşdə nokauta salıblar. Kiminsə başında tük əyri bitirsə, deyirlər ki, kikboksçudur. Kikboks üzrə cəmi 7-8 dünya çempionumuz var. Anarla münasibətim var. Özünə də əlli dəfə demişəm ki, kikboksun adını çəkmə. Düzdür, kikboks üzrə qadın millimizə məşq keçir. Amma onun dünya çempionluğu yoxdur.
Beynəlxalq Olimpiya Komitəsi həvəskar kikboksinq kimi WAKO-nu tanıyır. Yəni əsas bu turnirdə nəticə qazanmaq əsas götürülür. Mən özüm orada çempion ola bilməmişəm. Son beş ildir ki, hər il ikinci yerə çıxıram. Üçü dünya, ikisi Avropa çempionatı olmaqla, beş gümüş medalım var. Yalnız WAKO-da gənclər arasında dünya və Avropa çempionu olmuşam”.
Yeri gəlmişkən, ondan WAKO-da çempion ola bilməməsinin səbəbini də soruşduq. O bildirib ki, həvəskar kikboksinq peşəkardan qaydalarına görə fərqlənir:
“2009-cu ildə peşəkar kikboksinqdə nokaut etdiyim Rusiyanı təmsil edən Turqay Məmmədova bu turnirin finalında uduzuram. Hesabda öndə oluram. Amma sonuncu raundda uduzuram. Həvəskarla peşəkar kikboksinq fərqlidir. Burada final səddində ilişirəm. İdman bəxti deyilən şey var. Halbuki peşəkarlarda elə yarışlar udmuşam ki, WAKO onun yanında heç nədir.
Amma di gəl ki, psixoloji olaraq həvəskarların finalında uduzuram. Olimpiya çempionlarımız olub ki, dünya və ya Avropa çempionluğunu qazana bilməyib. Rövşən Bayramov yunan-Roma güləşində iki dəfə ardıcıl Olimpiadanın finalında uduzub. Mən də psixoloji cəhətdən hər il finalda qalib gələ bilmirəm. Halbuki finala kimi asanlıqla gəlirəm”.
Mənbə:> Oxu.Az