Şahin Xudaverdiyev: Başqa millilər Azərbaycanla məşq keçmək istəyir
Kişilərdən ibarət karate millimizin baş məşqçisi Şahin Xudaverdiyev Oxu.Az-a müsahibə verib:
– Hazırlıqlara nə vaxtdan başlamısınız?
– İyulun 15-dən hazırlıqlara başlamışıq. Tam heyətlə məşqlərə qatılmışıq. Bir həftə əvvəl idmançılarımız həkim nəzarətindən keçdi. Onların nəbzi yoxlanıldı, karateçilərimizə vitamin və sistemlər köçürüldü. Bizi İsveçrənin Bazel şəhərində açıq turnir gözləyir.
– Bu yarış hansı tarixlərdə olacaq?
– Sentyabrın 1-2-də. Avqustun 30-da oraya yola düşəcəyik. O yarışdan sonra İsveçrədə qalıb on günlük təlim-məşq toplanışı keçirəcəyik.
– Sizinlə birgə başqa milli komandalar da orada məşq keçəcək?
– Bəli. İsveçrə millisinin karateçiləri ilə birgə məşq keçəcəyik. Həmçinin Türkiyə və Qazaxıstan milliləri də bizimlə birgə olmalıdır. Ola bilər ki, başqa komandalar da bizə qoşulsun. Çünki eşitsələr ki, Azərbaycan millisi orada məşq keçir, onlar da hazırlıqlarını oraya salacaq. Başqa millilər Azərbaycanla məşq keçmək istəyir. Bildiyiniz kimi, yaxınlarda Səudiyyə Ərəbistanı millisi bizimlə birgə Bakıda təlim-məşq toplanışı keçirib.
Yəni, komandamızın səviyyəsi yüksək olduğundan dünyanın TOP-5-liyində yer aldığımıza görə digər millilər bizimlə məşq keçirməkdə maraqlıdır. Həm də başda Rafael Ağayev olmaqla, dünya səviyyəli idmançılarımız var. Ayxan Mamayev, Şahin Atamov, Asiman Qurbanlı, Firdovsi Fərzəliyev kimi səviyyəli karateçilər bizim millidədir. Bazeldən sonra biz Berlinə - Premyer Liqa yarışlarına yola düşəcəyik.
– O, hansı tarixlərdədir?
– Sentyabrın 14-16-sı tarixlərində. Bu yarışın önəmi ondan ibarətdir ki, 2020-ci il Olimpiadasına ilk reytinq xalları veriləcək. Ağır bir yarış olacaq. Öz çəkilərində lider olan Rafael Ağayev, Ayxan Mamayev və eləcə də, digər idmançılarımız orada qızıl medal qazansalar, reytinqdə birinci ola bilərlər.
– Bazeldə yarışanlar Berlində də olacaq? Yoxsa dəyişikliklər ediləcək?
– Yox, eyni heyət olacaq. Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq) bizimlə birgə olacaq. Digər idmançılarımız isə Berlinə öz hesablarına gələcəklər. Bunlar Turqut Həsənov və Pənah Abdullayevdir (hər ikisi 84 kq). Ağır çəkidə bizi Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq) təmsil edəcək. Ola bilsin ki, Əli Cəfərov (+84) da Berlindəki turnirə öz hesabına qatılsın.
– Karatedə həmişə nəticələr olub. Bu dəfə sizdən nə gözləyək?
– Allah böyükdür. Əvvəldən proqnoz vermək düzgün deyil. İnsandır, hər bir nəticə qeydə alına bilər. Hər bir kəsin şansı var. Təki həmin idmançının istəyi olsun, işinə ürəklə yanaşsın. Ümumilikdə idmançılarımız məşqlərinə ürəklə yanaşır. Onlar yorğun da olsalar, gündə iki dəfə məşq keçirlər.
Mənbə:> Oxu.Az