Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub – FOTO
Cüdo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası İspaniyanın Malaqa şəhərində start götürən Avropa çempionatının ilk yarış günündə iki qızıl medal qazanıb.
Cüdo Federasiyasından Oxu.Az-a verilən məlumata görə, Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qurbanlı ardıcıl olaraq, türkiyəli Oğuzhan Karacanı, macar Daniel Monorini və gürcü İrakli Kupatadzeni məğlubiyyətə uğratdıqdan sonra finala yüksəlib. Həlledici görüşdə isə o, rusiyalı Ali Pafovu ipponla yenərək, Avropa çempionu olub.
Heydərov isə qızıl medala yiyələnmək üçün 5 görüşdən qalib ayrılıb. O, ardıcıl olaraq, rumıniyalı Aleksandru Rayku, polşalı Tomaş Çernyavski, böyük britaniyalı Daniel Pauell və kosovolu Akil Qyakovaya qalib gəldikdən sonra finalda gürcüstanlı Georgi Katsiaşvilini də üstələyib.
Beləliklə, Avropa çempionatının ilk günündə aktivinə iki qızıl medal yazdıran Azərbaycan millisi komanda hesabında ilk pillədə qərarlaşıb. Digər cüdoçulardan Kəramət Hüseynov (55 kq) və Şəfəq Həmidova (44 kq) 5-ci, Hasil Cəfərov (73 kq) isə 7-ci olub.
Qeyd edək ki, 43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı Avropa çempionatında Azərbaycan 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunur.
Mənbə:> Oxu.Az