AFFA klublara transfer qadağası qoydu
AFFA İntizam Komitəsi Peşəkar Futbol Liqasına (PFL) borcu olan klublara transfer qadağası qoyub.
Oxu.Az-ın məlumatına görə, bu gün keçirilmiş iclasda PFL-in Komitəyə ünvanladığı məktub əsasında qərar qəbul olunub.
Məktubda Azərbaycan Premyer Liqasında çıxış edən klubların ("Qarabağ" istisna olmaqla) legioner futbolçular üçün nəzərdə tutulan üzvlük haqqı və cərimələrdən ibarət olan PFL-ə ödənilməmiş borclarının olduğu və borcların son ödəmə tarixinin 29 yanvar 2016-cı il kimi qeyd olunduğu bildirilib.
Eyni zamanda, PFL təyin edilmiş tarixə kimi borcunu ödəməyən klublara qarşı yeni (yerli və legioner) futbolçuların qeydiyyatını və hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulması ilə bağlı da İntizam Komitəsinə müraciət edib.
Bunu nəzərə alan İntizam Komitəsi yuxarıda göstərilənləri nəzərə alaraq, 29 yanvar 2016-cı il tarixinə kimi PFL-ə olan borcunu ödəməyən klublara qarşı yeni (yerli və legioner) futbolçuların qeydiyyatına və hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyub.
Borcunu ödəmiş kluba qarşı cəzalar qüvvədən düşür.
Mənbə:> Oxu.Az