Aygün Kazımovadan Natavanın barışıq addımına cavab – VİDEO
Müğənni Natavan Həbibinin 8 ildir küsülü olduğu xalq artisti Aygün Kazımovaya barışıq əli uzatmasına qarşı tərəfdən cavab gəlib.
AzNews.info-nun məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişində N.Həbibinin addımına belə cavab verib:
“Mən Natavanın bu addımını çox gözəl, yüksək qiymətlədirirəm və ona “hə” deyirəm. Əgər kiçik addım atıbsa, böyük canla-başla cavab verməlidir. Bu, mənim münasibətimdir. Kimsə başqa cür fikirləşirsə, fikirləşsin. Arada çox şeylər baş verir. Bəzən arada gəzənlər olmayan söhbətləri danışırlar. İnsanı durduğu yerdə özündən çıxaraca istedada malik olan insanlar var. Sən insanın özündən soruşub, məsələyə aydınlıq gətirməyə macal tapmamış, mikrofon uzanır və ara qarışır. Mən sülh tərəfdarıyam. İnsanları sevmək lazımdır. Arada yaşanan soyuqluq ömür boyu yaşana bilməz, qəlbdəki kin birinci insanın özünə zərərdir”.
Qeyd edək ki, “Nömrə 1” yarışmasında Natavanın Aygünə qalib gəlməsi onların münasibətlərini pisləşdirmişdi. Kazımovanın həmkarının erməni milliyyətinə mənsub olduğunu açıqlamasından sonra N.Həbibi xalq artistini onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, müğənni N.Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.
N.Həbibi Aygün Kazımova ilə barışmaq istədiyini dilə gətirmişdi:
“Deyəsən, böyümüşəm. Mən mehribanlıq, hər şeyin yaxşı olmasını istəyirəm. Amma bir şərtim var. Əgər səmimiyyət və istək olsa, hər şey yaxşı olacaq. Sənət və oyun üçün yox, insanlıq üçün sülh olmalıdır”.
Mənbə:> ATV.az