Çinlilərin “həyat ağacı” Lənkəranda – VİDEO
Lənkəranlı usta bambuk ağacından maraqlı suvenirlər və əşyalar hazırlayır.
ANS TV-nin məlumatına görə, çinlilərin “həyat ağacı” dediyi bambuk Lənkərana ötən əsrin əvvəllərində gətirilib. Suya, günəşə tələbkar olan bu bitki yağıntılı iqlimə malik Lənkəran - Astara zonasına tez uyğunlaşıb.
Lənkəran rayonun Haftonu qəsəbə sakini, 56 yaşlı Eynulla Cəlalov ixtisasca mədəniyyət işçisi olsa da, 10 ilə yaxındır ki, böş vaxtlarını bambuk ağacından müxtəlif məişət əşyaları hazırlamağa sərf edir. Həyətdəki balaca emalatxanasında çalışan ustanın ərsəyə gətirdiyi əl işlərindən Cəlalovlar gündəlik məişətdə geniş istifadə edir. Unukal görünüşü və keyfiyyəti, zərif işlənməsi ilə diqqət çəkən müxtəlif ölçülü stol, stullar, divan, çarpayı, kreslolardan, suvenirlərdən Eynulla ustanın satdığı, hədiyyə etdiyi də olub. Bir stolun hazırlanmasına ən azı 10 gün vaxt sərf edən ustaya hazırladığı işlər olduqca əzizdir. Eynulla Calalov hər səhər durarkən düzəltdiyi əşyalara baxanda elə bil daxilən rahat olur.
Usta peşəsindən maddi yox, mənəvi cəhətdən asılı olduğunu, gün-gündən bu sənətə bağlandığını deyir. Əl işləri dəfələrlə sərgilərə çıxarılan Eynulla kişi fəxri fərmanlara, ustad sənətkar adına layiq görülüb. Seyrçilərinin marağı sifarişlərinin artmasında səbəb olub. İndi ölkənin hər yerindən bambuk kreslolar, oturacaqlar, stol və stullar sifarişi gəlir. Usta işinin mexanizmini bizə də açıqlayır:
“Hər bir bambuku ölçüyə uyğun kəsirəm.1 gün yüksək tempraturda təndirdə qalır. 1gündən sonra bambukun rəngi dəyişir, üzü quruyur. Sonra qazla yenidən qurudulur və istifadə olunur. Emal işi başlanır”.
Eynulla Cəlalov hazırda cənubda bu işlə məşğul olan yeganə sənətkardır. Davamçısı olmayan usta sənətinin geniş yayılmasını, dözümü, bacarığı, ən əsası həvəsi olan gənclərin peşəsinin sirlərini öyrənməyini istəyir.
Mənbə:> ANSPRESS